ƏBƏDİ YAŞAR ÖNDƏR
Bütün Azərbaycan xalqı böyük qürur hissi keçirir ki, Tanrı xalqımıza, bütün türk dünyasına Heydər Əliyev kimi görkəmli bir şəxsiyyət, dahi bir insan, millətini, ölkəsini hədsiz dərəcədə sevən və onun yolunda canını fəda edən bir oğul bəxş edib. Xalqımızın zəngin tarixində əbədi yaşayan və şərəfli yol tutan Heydər Əliyev öz dühası və qüdrəti ilə uca zirvədə dayanır. Öz nadir istedadını, parlaq dühasını bütünlüklə doğma xalqının və vətəninin tərəqqisinə, inkişafına, dünya miqyasında tanınmasına həsr etmiş ən böyük insan özü də bəşər tarixinin, zamanın və kainatın fövqündə dayanan bir zirvədir ki, milli varlığımız, mənəviyyatımız, dövlətçilik şüurumuz məhz bu zirvədə qərar tutmuşdur.
Hər bir xalqın tarix səhnəsindəki yeri və rolu hansısa mürəkkəb siyasi şəraitdə məsuliyyəti öz üzərinə götürərək onun taleyində misilsiz rol oynamış, mütərəqqi ideyaları, qeyri-adi idarəçilik keyfiyyətləri ilə sabit dövlətçilik ənənələri formalaşdırmış dahi şəxsiyyətlərin fövqəladə missiyası ilə şərtlənir. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidməti olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri, əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.
Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi təsdiq etmişdir.
Tanrının bəxş etdiyi belə seçilmiş şəxsiyyətlər xalqlarının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaradırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir, zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik ideyalarını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar.
Hər bir xalqın millət kimi formalaşması, dövlət yaradaraq, özünü tarixdə təsdiq etməsi prosesi, həmçinin onun tərəqqi yönümü müəyyən bir irsin mövcudluğu kontekstində cərəyan edir. Bəşər tarixi göstərir ki, bu siyasi irs əsasən xalqların üzdə olan rəhbərlərinin, sərkərdələrinin, görkəmli şəxsiyyətlərinin fəaliyyəti ilə formalaşır.
Ruslar üçün əgər bu şəxsiyyət Rusiya dövlətinin müasir dövlətçilik ənənələrini təmin etmiş I Pyotr, amerikalılar üçün Corc Vaşinqton, ingilislər üçün Uinston Çörçill, fransızlar üçün Şarl de Qoll, türklər üçün Mustafa Kamal Atatürkdürsə, biz azərbaycanlılar üçün, şübhəsiz, Heydər Əliyevdir!
Heydər Əliyev dünyanın nadir, unikal seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücü olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar, elə adamlar da var ki, bu onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.
Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxabatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi.
Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.
Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi ilə hər cəhətdən ölçülüb-biçildiyindən ətrafdakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazanmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünya görüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxartmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sayəsində böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tibilisi-Ceyhan neft, Bakı-Tibilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
Heydər Əliyevin mülahizələri, problemlərə dərindən bələdliliyi hadisələrin məğzinə, səbəb-nəticə əlaqələrinə nüfuz etmək xüsusiyyəti ilə seçilirdi. Azərbaycanın daxili siyasətini istiqamətləndirən, xarici siyasətini beynəlxalq hüquq normalarına uyğun, məqsədyönlü və tarazlaşdırılmış şəkildə aparan qətiyyətli dövlət xadimi çox hallarda ən tanınmış siyasətçiləri belə təəccübləndirir və onun ağıllı siyasətini birmənalı olaraq qəbul edirdilər. Elə bu cəhətlərinə görədir ki, xalqımız onu əsrin böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycanı dünyaya tanıdan insan kimi qəbul edir, hörmət bəsləyir və ürəkdən sevir.
Heydər Əliyev fenomeni, onun şəxsiyyətinin ucalığı, fövqəladə idarəçilik qabiliyyəti, yüksək intelekti nəticəsində dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri arasında həmişə birincilər sırasında çəkilib. Azərbaycan coğrafi cəhətdən kiçik ölkə olsa da, Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə heç vaxt mane olmayıb. Ən məşhur, tanınmış siyasətçilərin reytinqinin müəyyənləşdirilməsi üçün aparılan beynəlxalq sorğularda, siyasi institutların, sosioloji mərkəzlərin araşdırılmasında Heydər Əliyevin adının birincilər arasında yer tutması onun siyasətdə, həyatda, dövlətçilik təcrübəsində qazandığı uğurların təsdiqi idi.
Heydər Əliyevin beynəlxalq Atatürk sülh mükafatına layiq görülməsi onun dünyada apardığı sülh siyasətinə verilən qiymət idi. O, dünyanın bütün ölkələri və onların rəhbərləri ilə, hətta məkrli düşmənlərimizlə də “sülh dili” ilə danışmağı bacarırdı. Ulu öndərimizin ən ali insani keyfiyyətləri, fenomen xarakteri, insanlarla dil tapmaq bacarığı, hərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdi. Hər dövlət xadiminə xas olmayan üstünlükləri ulu Tanrının Heydər Əliyevə verdiyi ən ali keyfiyyətlər idi.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. O, məsələnin mahiyyətini açmağa, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyə xidmət edən məsələni ustalıqla göstərməyi bacarırdı.
Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili onu göstərir ki, o, başqalarından fərqli qeyri-adi zəkaya, böyük enerjiyə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siaysətçi idi. “Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir” ̶ deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və fenomeni kimi xarakterizə edirlər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Adətən, insanlar zamanın ardınca gedir. Yalnız dahilər zamanı qabaqlayırlar. O, zamanı qabaqlamağa qadir şəxsiyyət idi. Qısa zaman kəsiyində dünyanın nəhəng dövlətlərinin mənafeyini Azərbaycanda birləşdirdi. Dövlət qurdu, dövlətçiliyi möhkəmləndirdi, vətəndaş cəmiyyətini formalaşdırdı. Dünya azərbaycanlılarının birliyini yaratdı. Sonda isə ölüm aman vermədi.
12 dekabr 2003-cü il... Həmin gün o acı xəbərə heç kim inanmaq istəmirdi, bu acını qəbul etmək, həzm etmək mümkün deyildi. Hər dəfə Ulu Öndər səfərdən dönərkən hava limanının yollarına dikilən gözlərə kədər çökmüşdü. Bu, hava limanında son qarşılanma mərasimi idi. Matəm karvanının keçdiyi yol boyunca qırmızı qərənfillər düzülmüşdü. Minlərlə insan matəm karvanını qəhərli göz yaşları ilə müşayiət edirdi. Bu insanları küçələrə, yollara çıxmağa heç kim məcbur etməmişdi. Onları bura gətirən insani hisslər, Ulu Öndərə son borclarını vermək istəyi idi. Bu gedişi ilə o, əbədi olaraq hər bir azərbaycanlının ürəyinə çökdü.
Dahi şəxsiyyətin siyasi kursunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ulu Öndər öz estafetini Azərbaycanın yeni lideri, davamçısı Prezident İlham Əliyevə verərkən demişdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Onun sona çatdıra bilmədiyi işlər bu gün uğurla həyata keçirilir. İndi Azərbaycan dünyada söz sahibinə malik nüfuzlu bir dövlətdir.
Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli varisi, kadr siyasətinin parlaq təcəssümü olan cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının gələcəyə istiqamətlənmiş əsasıdır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub-saxlanması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev rolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Bu siyasi kursu inamla davam etdirən dövlət başçısı İlham Əliyev Heydər Əliyevin yaratdığı şanlı tarixi yaşatmaqla bərabər, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, yeni bir tarixi epoxanın əsasını qoymuşdur.
Dosent Elmar Xəlilov
Sumqayıt Dövlət Universitetinin
Sosial məsələlər və ictimaiyyətlə
əlaqələr üzrə prorektoru
əlaqələr üzrə prorektoru