Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | QƏRBİ AZƏRBAYCANLILAR ÖZ TARİXİ TORPAQLARINA QAYIDACAQLAR
QƏRBİ AZƏRBAYCANLILAR ÖZ TARİXİ TORPAQLARINA QAYIDACAQLAR
Tarixi mövcudluq onu göstərir ki, müxtəlif dövrlərdə dövlətlərin üzləşdiyi çətin sınaqlardan çıxması və gələcəyə doğru getməsi qətiyyətli, qəhrəman bir xalqın yüksək mədəni xüsusiyyətləri sayəsində mümkün olur. Zaman tarixi hadisələrin düzgün qiymətləndirilməsi baxımından ən dəqiq mənbədir. Bir xalqın, bir millətin mədəniyyətini, qəhrəmanlığını onun tarixən yaşadığı ərazilər özündə yaşadır. Bu baxımdan Azərbaycan əraziləri elə sivilizasiyanın inkişafa başladığı ən qədim tarixi insan məskənlərindən hesab olunur. Bütün tarixi mənbələr sübut edir ki, hazırkı Ermənistanın əhatə etdiyi ərazilər vaxtilə azərbaycanlıların sıx şəkildə məskunlaşdıqları ərazilər olmuşdur. Tarixi xəritələrə istinadən bu ərazilərin yer adları və insan məskənləri açıq şəkildə göstərilmişdir. Hətta yer adları Zəngibasar, Vedibasar, İrəvan mahalı, Göyçə mahalı adları ilə təsdiqlənərək xəritələrə köçürülmüşdür. Adlarını qeyd etdiyimiz bölgələr Qərbi Azərbaycanın ən böyük əraziləri hesab olunurdu. İndiki Ermənistanda mövcud olan Azərbaycan türklərinin məskunlaşdığı mahallarda orta əsrlərdə elm, sənət, musiqi, xüsusən aşıq yaradıcılığı inkişaf etmişdi. Qərbi Azərbaycanda tarixən yaşamış insanlar əsas etibarilə coğrafi şəraitinə görə əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Lakin son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərlə üzləşərək, milli faciəyə məruz qalmışdılar. Bir xalqın tarixini, dilini və mədəni irsini öyrənmək üçün onun tarixən məskunlaşdığı ərazilərə nəzər salmaq gərəkdir. Qərbi Azərbaycanın əsl sakinləri Azərbaycan türkləri olmuşdur. Azərbaycan türkləri indiki Ermənistan ərazilərində e.ə. II əsrdən yaşamağa başlamışlar. Bu ərazilərdə yaşayan ilk qədim tayfalardan biri kimmerlər olmuşdur. Kimmerlər qədim türk tayfası olaraq məhz bu ərazilərdə məskunlaşmışlar. Sözsüz ki, bu faktı əsaslı şəkildə sübut edən amillərdən biri tarixi toponimlərdir. Bu tayfanın adı indiki Ermənistan ərazilərinin yer adlarında öz əksini tapır. Hətta indiki Ermənistan Respublikasının paytaxtı İrəvan yaxınlığında Qəmərli və Eçmiədzin rayonları deyilən yer adları var ki, qədim kimmer türk tayfasının adını özündə əks etdirir. Tarixi mənbələr bir daha təsdiqləyir ki, indiki Ermənistan əraziləri qədim türk əraziləridir.
Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyildir. Hətta antropoloqlar arxeoloji araşdırmaları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edildikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İran və Osmanlı ərazisindən minlərlə erməni ailəsi İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar, 6 il ərzində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbaycan arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi.
İstər Gülüstan, istərsə də Türkmənçay müqavilələri həm Qərbi, həm də cənubi azərbaycanlılara qarşı xəyanət toru idi. Qafqazda azərbaycanlılara qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti bu xalqın tarixində silinməz ağır izlər qoydu. Bu bir həqiqətdir ki, Qərbi Azərbaycan bizim bütöv Azərbaycanın bir parçasıdır.
Tarixin ədalətsizlik qurbanına çevrilmiş aborigen əhaliyə ̶ azərbaycanlılara qarşı XIX əsrin əvvəllərindən başlayan soyqırımı, deportasiya, terror aktları mərhələ-mərhələ həyata keçirildi. 1905-1907-ci illər Azərbaycan türklərinə qarşı soyqırımı, 1918-ci ildə Bakıda və digər ərazilərimizdə soyqırımı aktları, 30-cu illərdə ermənilərin repressiyalarda fəal iştirakları onların türklərə qarşı açıq şəkildə qəzəbini və nifrətini əks etdirirdi. Çünki soyqırımı zamanı daşnaklar öz dırnaqarası qəhrəmanlıqlarını mülki insanların, günahsız qadın, qoca və uşaqların üzərində tətbiq edirdilər. 1948 ̶ 1953-cü illərdə Qərbi Azərbaycan torpaqlarından 150 mindən artıq soydaşımız deportasiya edildi. Artıq yeni şüar əsasında türksüz Ermənistan ideyasını gerçəkləşdirməyə başladılar. Nəhayət, 1987 ̶ 1991-ci illərdə Qərbi Azərbaycan, indiki Ermənistan ərazisindən 250 minə yaxın soydaşımız öz ata-baba yurdlarını zorla tərk etməyə məcbur oldular.    
Təəssüflər olsun ki, tarixin çətin mərhələlərindən adlayan xalqımıza edilən ədalətsizliklər sonda onların yurd həsrəti, soyqırımları ilə nəticələndi. Yaxın tarixə nəzər salsaq, bu ağırlığın nə qədər məşəqqətli olduğunu bir daha görə bilərik. 1987-ci ildə Heydər Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsindən sonra ermənilər fəallaşaraq 1987-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi deportasiyasını təşkil etdilər. Sözsüz ki, bu, SSRİ siyasətinin son akkordları olaraq, Azərbaycan xalqına qarşı yeridilən ədalətsiz mövqenin gözlənilən nəticəsi oldu. Sonrakı tarixi dövrlərdə də bu ədalətsizliyə hüquqi qiymət verilmədi. Yalnız Ulu öndər Heydər Əliyev bu tarixi ədalətsizliyə siyasi qiymət vermişdir. Bu tarixi hadisə ilə bağlı Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948–1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistan ərazilərindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında”, 1998-ci ilin mart ayının 26-da “Azərbaycanlıların soyqırımı” və 2001-ci il avqust ayının 22-də “Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Fərmanlar imzalamışdır. Ulu öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Vətən, dil, millət, yurd anlayışları müqəddəs amal olduğu üçün dövlətimiz torpaqlarımızın bütövlüyü naminə ədalətli mübarizə aparır. Prezident İlham Əliyev Qərbi Azərbaycanın tarixi coğrafiyası, etnik tərkibi, siyasi və elmi baxımdan araşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulamışdır. Tarix həqiqəti sevir və vətən anlayışı tarixin özündə formalaşır. Bu baxımdan tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycanda, indiki Ermənistan ərazilərində əsrlərlə xalqımızın soy-kökü, dili, ədəbiyyatı, musiqisi, adət-ənənələri, mədəni abidələri və bir sözlə, mədəniyyəti formalaşmışdır. Qədim İrəvan xanlığında və bütövlükdə indiki Ermənistan ərazisində islam dininin VII əsrdən etibarən yayıldığından bu ərazilərdə yüzlərlə dini ibadət yerləri, daş abidələr, məscid və müsəlman yaşayış yerləri mövcuddur. Tarixi mənbələrdə qeyd olunur ki, bu ərazilərdə mövcud olmuş dini abidələr və müsəlman türklərin yaşadığı yerlər haqqında İrəvanda olmuş bir çox dünya səyyahlarının əsərlərindən kifayət qədər məlumat əldə etmək mümkündür. Mənbələrdə o da göstərilir ki, 1912-ci iləqədərki tarixi dövrdə Qərbi Azərbaycan ərazisində, xüsusən İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33 və Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Ümumiyyətlə, Qərbi Azərbaycanda mədəni tarixi abidələrin sayı 8000-ə yaxın olmuşdur. Lakin onların, demək olar ki, hamısı dağıdılaraq, vandalizm siyasətinin qurbanı olmuşdur. Tarixi torpaqlarımız olan indiki Ermənistan ərazilərində çoxlu sayda tarixi-memarlıq abidələri, şərq ornamentli imarət-karvansaralar, məqbərələr mövcud olmuşdur. Bu memarlıq abidələrində tarixi həqiqətləri özündə yaşadan milli-mədəni irsimiz erməni vandallığının qurbanına çevrilmişdir. Qədim Azərbaycanın tarixini özündə əks etdirən İrəvanda Təpəbaşı adlanan məhəllə geniş bir ərazini əhatə edirdi. Təəssüf ki, azərbaycanlıların məskunlaşdığı bu tarixi məkan tamamilə dağıdılaraq viran edilmişdir. Hazırda Təpəbaşı adlanan ərazilərdə Ermənistan dövləti yeni tikililər inşa edərək, azərbaycanlılara məxsus olan yaşayış yerlərinin izlərini tarixin səhifəsindən silmək istəyirlər. Lakin nə qədər buna cəhd olunsa belə, tarix həqiqəti sevir, heç nə öz əzəli adını itirmir. 1918 ̶ 1921-ci illərdə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra ermənilər azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərərək öz çirkin xislətlərini bir daha göstərdilər. Bu proses 1987-ci ildən başlanan deportasiyanın son mərhələsindən bugünədək davam edir. Mədəni–tarixi abidələrimizi dağıdaraq yer üzündən silməyə çalışmışlar ki, guya bu yerlərin “əsl sahibləri” özləridir. Əlbəttə, bu ideya onların bir millət olaraq xəstə təfəkkürlərinin, uydurmalarının göstəricisi idi. Qərbi Azərbaycanda olan bütün tarixi abidələr içərisində İrəvan qəzasındakı Xan sarayı və Sərdar məscidi tarixi ornamentləri ilə xüsusilə seçilirdi. Hətta bu möhtəşəm məscid vaxtilə xalq arasında Abbas Mirzə məscidi kimi də tanınırdı. Bu abidə də tamamilə dağıdılmış və yerini yeni tipli inşaat obyektləri almışdır.1766-cı ildə tikilmiş Göy Məscidin bütün minarələri dağıdılaraq məhv edilmiş, yalnız bir əsas məqbərəsi saxlanılmışdır ki, onu da dünya ictimaiyyətinə fars məbədi adı altında təqdim edirlər. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri bir memarlıq incəsənətini özündə birləşdirən 310 məscid mövcud olmuşdur. XX əsrdə mərhələlərlə davam edən deportasiya siyasəti qədim ərazilərimizdəki tarixi abidələrimizin mənimsənilməsi, dağıdılıb viran qoyulması, yer adlarımızın erməniləşdirilməsi ilə nəticələnmişdir. Bu da onu göstərir ki, tarix səhnəsində xalqımız XX yüzilliyi faciələr, qırğınlar, soyqırımları əsri kimi yaşamışdır. Qərbi Azərbaycanda olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda 30 illik işğal dövründə də qədim abidələrimizi, bütünlükdə mədəni irsimizi talamış və dağıtmışlar. Xalqımızla birgə milli sərvətlərimiz də vandallıq siyasətinin qurbanı olmuşdur. Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğul olmuşdur. İstər Qərbi Azərbaycan torpaqlarımızda, istərsə də Qarabağımızda qədim tarixə malik olan monumental mədəniyyət abidələrimiz ya tamamilə dağıdılaraq məhv edilmiş, ya da “erməni mədəniyyətinin” nümunələri kimi ictimaiyyətə təqdim edilmişdir. Memarlıq abidələrinin üzərindəki türk simvollarının, qədim türk yazılarının məhv edilməsi xalqımızın milli mədəniyyətinə vurulan ən ağır zərbədir. Özlərini dünyaya “qədim xalq”, “mədəni xalq” kimi tanıtmağa çalışsalar da, tarix bunun həmişə tam əksini göstərib. Tarix sübut edib ki, Azərbaycan xalqının mədəniyyəti milli olduğu qədər bəşəridir, bəşəri olduğu qədər də əbədidir.
Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Bununla bağlı Ulu öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”.
Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Artıq Azərbaycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Qarabağın azad edilməsi ilə Azərbaycanın xarici və daxili siyasətində yeni prioritetlər meydana çıxdı. Azərbaycan Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimizlə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbaycan İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir.
Azərbaycan xalqının tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Bu vacib məsələdə 2022-ci il 3 avqust tarixində Qaçqınlar Cəmiyyətinin bazasında yaradılan Qərbi Azərbaycan İcması birbaşa Ermənistan ərazilərindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyini təmin etməkdə çox fəallıq göstərən mərkəzə çevrilmişdir. Bu İcma 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Birliyin İdarə Heyəti beynəlxalq müstəvidə fəal iş aparır. İcmanın məqsədi tarixin müəyyən dövrlərində etnik mənsubiyyətinə görə kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olunmaqla, ata-baba torpaqlarımıza qayıtmaq üçün onların bütün hüquqlarının beynəlxalq səviyyədə bərpası və Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni zəngin irsinin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Prezident İlham Əliyev demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər, tarixi faktlar, tarixi xəritələr və tariximizin özü təsdiqləyir”. Prezident İlham Əliyev qeyd etdi ki, bunu deməyə əsas verən bir çox amillər var, xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir.
Görüşdə Prezident İlham Əliyev bildirdi ki, Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar barədə məlumatlar mütləq bu icmanın xətti ilə dünya ictimaiyyətinə çatdırılmalıdır. Ziyalılarımızın nəzərinə bir daha çatdıraraq vurğuladı ki, xüsusən tarixçilər bu istiqamətdə araşdırmalar aparmalı, Azərbaycan həqiqətlərini əks etdirən tədqiqat əsərləri yazmalı və bu əsərlər xarici dillərə tərcümə edilməlidir.
Qərbi Azərbaycan İcması az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul etdiyi sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər içərisində İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmalarının təmin edilməsi barədə qəbul edilmiş konsepsiya – Qayıdış Konsepsiyası mühüm yer tutur. Belə ki, bu konsepsiyanın birinci bəndində (girişdə) rəsmi olaraq Qərbi Azərbaycan İcmasının əsas məqsədinin Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının bərpası ilə məşğul olduğu önə çəkilməklə bərabər, eyni zamanda indiki Ermənistan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri müəyyən edilir. Burada haqlı olaraq o da bildirilir ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Qayıdış Konsepsiyasında müxtəlif illərdə xalqımızın başına gətirilən müsibətlər: 1918-1921-ci illərdə Azərbaycan torpaqlarının hesabına Ermənistan Respublikasının yaradılması və torpaqlarımızın sonrakı dövrlərdə sovet rəhbərliyi tərəfindən ermənilərə verilməsi, Qərbi Azərbaycandan azərbaycanlıların məcburi köçürülməsi prosesinin 1987-1991-ci illərdə davam etdiyi bir daha vurğulanır. Eyni zamanda, Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqların kütləvi şəkildə dağıdılması, yer adlarının dəyişdirilməsi və azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkiliyin həyata keçirilməsi kimi tarixi faktlar Qayıdış Konsepsiyasında öz əksini tapmışdır.
Qərbi Azərbaycana dönüşün sülh yolu ilə təmin olunması qəbul olunmuş Konsepsiyanın ana xəttini təşkil edir.
Bunun bariz nümunəsi olaraq 2023-cü il 11 mart tarixində Qərbi Azərbaycan İcmasının Ermənistanın Baş Nazirinə göndərdiyi məktubda vurğulanır ki, icma üzvləri tarixi ata-baba yurdlarına qayıdış prosesinə sülh yolu ilə nail olmaq əzmindədirlər. İcma üzvləri məktubda vurğulayır ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və digər mühüm beynəlxalq aktlarda geri qayıtmaq hüquqları əsaslandırılmış şəkildə təsbit olunmuşdur. Məktubda azərbaycanlıların öz evlərinə sülh yolu ilə geri qayıtmaq tələblərinin Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə qələmə verilməsinin yolverilməz olduğu bildirilir.
Qərbi Azərbaycan İcması siyasi, hüquqi, diplomatik, sosial və mədəni istiqamətlərdə fəaliyyətini davam etdirir. Belə ki, İcma 2023-cü il 16 mart tarixində Fransa Respublikasına çağırış edərək Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasətindən ciddi narahatlıqlarını ifadə etmişdir.      
2023-cü il 27 mart tarixində Qərbi Azərbaycan İcması UNESCO-nun baş direktoru Odri Azuleyə ünvanladığı məktubda deyilir ki, Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması insanlığa sığmayan cinayətdir. İcma üzvləri mədəni irsin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərmələrini xahiş edir. Məktubda o da bildirilir ki, Azərbaycanın mədəni irsini planlaşdırılmış şəkildə məhv edən Ermənistan hökümətinin məqsədi monoetnik və təkmədəniyyətli məkan yaratmaq olmuşdur.
2023-cü il 30 mart tarixində Qərbi Azərbaycan İcması Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin qərəzli və həqiqətə uyğun olmayan bəyanatına cavab olaraq bildirir ki, Avropa İttifaqı, o cümlədən onun Ermənistandakı missiyası insan hüquqları sahəsində tərəfsiz və müfəssəl səyləri ilə Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarına hörmət etməli və bununla da, davamlı sülhün əldə olunmasına dəstək verməlidir.
2023-cü il 15 aprel tarixində Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, bütün bunlar Azərbaycana qarşı Ermənistan dövləti tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və azərbaycanofobiyanın göstəricisidir. Ermənilər xalqlar arasında nifrəti daha da dərinləşdirərək qorxu mühiti yaradıb azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyə çalışsalar da, öz ata-baba torpaqlarından zorla köçürülmüş azərbaycanlıların doğma yurdlarına qayıtmasının qarşısını heç nə ala bilməz.
İnanırıq ki, fəaliyyət göstərdiyi bu qısa müddət ərzində Qərbi Azərbaycan İcmasının qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətlərində beynəlxalq təşkilatlara ünvanladığı müraciətlər məsələnin beynəlxalq aləmə çatdırılması işində xüsusi rol oynayacaq və Azərbaycan dövləti qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışını təmin edəcəkdir.
 
Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədri Elxan Hüseynov
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az