Siyasi liderlikdə natiqlik məharəti
Siyasi lider kimi diplomatik məharət, praqmatik düşüncə, qətiyyət, rasional təfəkkürə malik Heydər Əliyev eyni zamanda dövrünün əvəzsiz natiqidir. XX əsr Azərbaycan siyasi natiqliyinin və nitq mədəniyətinin təşəkkül tapmasında müstəsna rolu olan Heydər Əliyevin gəlişinə qədər siyasi səhnədə nitqi nümunə olacaq hər hansı bir siyasətçinin adını çəkə bilmərik. Heydər Əliyevin nitqi fikir və ideyanın sözlə ifadəsinin ali dərəcəsidir. Sözün dəyərini, sözün ölçüsünü, sözün məna yükünü böyük ustalıqla nümayiş etdirmək onun nitqinin ən başlıca cəhətlərindəndir. Ulu Öndərin nitqində bəzi nümunə nüanslara diqqət yetirək:
Heydər Əliyevin nitq maneraları: Heydər Əliyevin qaməti dağ vüqarlı, duruşu əzəmətli idi. Auditoriyaya diqqətli baxışı ilə hər kəsdə ona müraciət edirmiş kimi ab-hava yaradırdı. Bu cəhət xüsusən də siyasi natiqlikdə özünü təşkilatlandırmanın və natiqlik məharətinin səriştələrinin ən vacibidir. Əlləri ilə heç bir zaman kürsüyə söykənməz, dəstəyə ehtiyacı olmayan bədən diliylə mötəbər xarizmasını yaradırdı. Jestləri aram və dəqiq ismarıc xarakter daşıyırdı. Xüsusən xalq ilə görüşündə əl jestləri açıq şəkildədir. Gülüşünün rahatlığı, insanlara “sən” deyərək müraciəti Siz sözünün iyereraxik protoklunu aradan qaldırırdı. Ən önəmli mövzularda, tənbeh edəndə isə şəhadət barmağının göyə qaldıraraq zəhminin və qətiyyətini nümayiş etdirirdi. Onun nitqi olduqca səmimi idi. Heydər Əliyev bilik, bacarıq və davranışlarıyla özü bir akademiyadır və müxtəlif aspektlərdən öyrənərkən bizi valeh etməyə və öyrətməyə hələ də davam edir.
Heydər Əliyev nitqində qətiyyət: Cəsarət etik kateqoriya kimi Heydər Əliyevin nitqində qətiyyətli ifadələrlə özünü nümayiş etdirirdi. Həlledici çoxluğu razı salmaq, konkret amallar uğrunda səfərbər etmək üçün liderin qətiyyəti oduqca vacibdir. Xüsusən də müstəqilliklə bağlı verdiyi bəyanatlarda qətiyyət aydın şəkildə və sərt çalarlarla auditoriyaya çatdırılır.
Ulu Öndər dəfələrlə çıxışlarında müstəqillik yolunun asan, çətinliksiz olmadığını xatırladır və məmurlardan şəxsi iddia və ambisiyalardan əl çəkməyi qətiyyətlə tələb edir. “Biz öz müstəqilliyimizi və azadlığımızı heç vaxt və heç kimə, heç bir ölkəyə, heç bir dövlətə güzəştə getməyəcəyik. Biz bütün ölkələrlə münasibətləri də məhz bu prinsipi əsas tutaraq qururuq” ifadəsində məhz dəqiqləşdirici ədatını yerində işlətməklə bu yolun geri dönüşü olmamasını böyük məğrurluqla ifadə edir.
Onun nitqində “Heç vaxt imkan verməyəcəyik”, “Heç kəs mənim iradəmi sındıra bilməz ” kimi ifadələrə tez-tez rast gəlmək mümkündür.
1999-cu il 26 aprel Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasında çıxışı zamanı “Demokratiya yolu dönməz yoldur”, “biz buna nail olacağıq”, “Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur” kimi söylədiyi fikirlər bütün dünyaya qətiyyətli bir mesaj idi.
Onun cümlədən-cümləyə yüksək xətlə inkişaf edən qətiyyətli nitqində səfərbəredici, eyni zamanda nikbin notlar özünü göstərirdi.
Heydər Əliyev nitqində nikbinlik: Siyasi etikanın ən mühüm tərəfi inanmaq və inandırmaqdır. İti fəhm, siyasi intuisiya və uzaqgörənliyi sayəsində xalqı bir amal uğrunda toplamağı bacarırdı. Xalqla sıx-sıx görüşür və dərdini dinləyirdi. Cəsarətli, eyni zamanda sadə və səmimi nitqində gələcəyə böyük ümidlər əks olunurdu. Xalq inanırdı ki, ənçətin situasiyalarda belə rəhbərin optimal çıxış variantı var. Vəziyyətin çətinliyini qeyd edərkən yolun sonundakı işığı elə məharətlə göstərir ki, xalq onunla birgə çətinlikdən qorxmamaq üçün ilhamlanır.
Onun “Dünyada hər şeyin, dərdin də, əzabların da bir sonu var. O cümlədən, məcburən qatıldığımız müharibənin də. Hamımız sıx birliyimizlə bu ağır tale sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma el obasına qayıdacaq” . ”Mən bu günə də, sabaha da böyük nikbinliklə baxıram və sizi də bu sızıltıdan, iniltidən uzaqlaşaraq gələcəyə baxmağa dəvət edirəm”:- polad məntiqə söykənmiş təfəkkürdən süzülüb gələn bu cür çıxışları xalqı daha da ruhlandırır, azadlıq uğrunda mübarizə əzmini gücləndirirdi.
”Mən Azərbaycanın gözəl gələcəyinə inanıram və xalqımızın gələcəkdə firavan yaşayacağına inanıram, mən bunun üçün çalışıram, bütün həyatımı, biliyimi, zəkamı, varlığımı sərf edirəm və bundan sonra da sərf edəcəyəm”. İnanıram sözünü dəfələrlə təkrarlaması auditoriyanı sözün sehrinə salaraq özü qədər əmin olmağa hesablanmışdır. Ulu Öndərin ideya və irsini layiqincə davam etdirən İlham Əliyevin komandanlığı ilə bərpa olunmuş bugünkü bütöv Azərbaycan sübut edir ki, Heydər Əliyev çıxışlarında tez-tez “Əmin olduğumu bildirməklə demək istəyirəm ki”, “Əminliklə deyə bilərəm ki” ifadələrini əbəs yerə vurğulamırdı.
Heydər Əliyevin dil etikası: Ulu öndərin siyasətinin təməlində Azərbaycançılıq qayəsi dayanırdı. Və Azərbaycan dilini də xalqın milli-mənəvi dəyəri, xalqın kimliyini qoruyan bir vasitə kimi qiymətləndirirdi. Məhz onun fədakarlığı nəticəsində Azərbaycan dili beynəlxalq aləmin mötəbər məclislərinin kürsülərindən eşidildi, dünya diplomatiyasına yol tapdı.
Heydər Əliyev Azərbaycan dilinin qrammatik quruluşuna çox gözəl bilirdi. Söz və ifadələrin işlənmə orijinallığı, düzgün cümlə quruluşu, təkrardan uzaq ifadələrlə dilin üslub xüsusiyyətlərindən böyük ustalıqla istifadə edirdi. Sinonim cərgələrdən məqsədəuyğun istifadəsi nitqini daha izahedici və ahəngdar edir. Xüsusən də “məhz” ədatından daha sıx istifadəsi dəqiq və aydın çatdırılmalı fikrə xidmət edirdi. Sual intonasiyası və ritorik suallarla açıq səmimi bir polemika yaradır. Rəsmi-işgüzar üslubla yanaşı, xalqla görüşlərdə məişət üslubunda normalar çərçivəsində satirik çalarlarla səmimi ortam yaradırdı ki, xalq ona ürəyini aça bilsin. Onun qarsona dişləmə çayın nə olduğunu, kəklikotunun adı haqda verdiyi informasiya hər kəsin üzündə təbəssüm yaradır. Siyasi mətnlərə xas “Tərəqqi ilə ayaqlaşmaq”, “ədavəti kənara qoymaq”, “ağı qaradan seçmək” bu kimi kifayət sayda frazeologizmlərdən istifadə edərək fikrini daha dolğun əsaslandırırdı.
Heydər Əliyevin nitqinin özəlliyi: Auditoriya qarşısında uğurlu, parlaq nitq söyləmək güclü məntiqə malik olan təfəkkür sistemi tələb edir. Heydər Əliyev şərh etdiyi mövzunu xüsusi əminliklə, dolgun və orijinal təqdim etməsi ilə dinləyicinin diqqətini mövzunun aktuallığına yönəldə bilirdi. Xüsusi səs tonu, jest, mimika, doğru seçilmiş surət dinləyicini yormur, əksinə daha da marağa səbəb olurdu. Eyni zamanda məğzə uyğun sitatlar gətirərək hər bir fikri güclü arqumentlə və faktlarla bərkidirdi. Bütün nitqlərində insanların yaşından biliyindən, qavrama qabiliyyətindən asılı olmadan anlaşılan bir sehir vardır. Bu sehir onun söylədiyi hər bir fikrin hüquqi, tarixi , dini, elmi, siyasi biliklərə dayanması idi. Siyasi natiqliyin ən mühüm cəhətlərindən biri də ifadə olunan fikirdə səsin tonunun düzgün ayarlanmasıdır. Neyropsixoloqlar aşkar ediblər ki, bir insan-ən soyuqqanlısı belə söylədiyi sözdə ağlı, qəlbi, həssas duyğuları və maraqları toplaşırsa onun səsi titrəyər və kövrələr. Heydər Əliyevin əvəzsiz sevgisinin, düşüncə və ali duyğularının kəsişdiyi bu söz məhz “Azərbaycan” sözü idi. Möhkəm, iradəli, eyni zamanda kövrək ürəyi Azərbaycanla döyündüyündən, şeirin misralarını yaşayaraq söylərkən qəhərlənir və səsi titrəyir. Onun vətən sevgisi bütün hisslərinin üzərində dayanır.
İlahə Musayeva
Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi