HEYDƏR ƏLİYEV VƏ GƏNCLƏR SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ
Gənclər siyasəti -gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılmasına yönəlmiş tədbirlər sistemidir.
Gəncliyin yüksək intellektual biliyə, sağlam ruha malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Yeni nəslin inkişafının əsas amili gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Bu məqsədlə ölkəmizdə rəhbərlik tərəfindən bir çox silsilə addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” - deyən Ulu Öndər sözügedən nazirliyin əsasını qoydu. Bu siyasi dövlət institutu qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirdi və reallaşdırmağa başladı. 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə də, 2 fevral 1996-ci ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı.
1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti 5 mühüm istiqaməti əhatə edirdi:
1. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq
2. Gənc nəslin tarixi köklərimizlə bağlı vətənpərvərlik ruhunda tərbiyəsini təmin etmək
3. Gənclərin elmi və intellektual potensialını artırmaq üçün ciddi təhsil və mədəniyyət islahatları aparmaq
4. Gəncləri müstəqilliyimizin müdafiəsində vahid qüvvədə birləşməyə səfərbər etmək
5. Dövlət idarəçiliyində gənclərin rolunu əhəmiyyətli dərəcədə artırmaq və onlarda məsuliyyət hissini inkişaf etdirmək
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Gənclərin ailə-məişət problemlərinin həllini daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən yüksək dəyərləndirilir. Cənab İlham Əliyevin gənclərlə keçirdiyi görüşlərdə irəli sürülən təklif və təşəbbüslərin dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət qayğısının ifadəsidir.
Heydər Əliyevin gənclər siyasətinin mühüm istiqamətlərindən biri olan Gənclərin müstəqilliyimizin müdafiəsində vahid qüvvədə birləşməsinə 44 günlük Vətən müharibəsi zamanı şahidlik etdik. Məhz Ali Baş Komandanın rəhbərliyi və Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyev də müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaətdən danışıb, onların vətən uğrunda fədakarlıqlarını yüksək qiymətləndirdi.
Aparılan siyasətin, görülən işlərin nəticəsi kimi tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycan gəncliyi öz intellektual, kreativ və mənəvi-ideoloji yetkinliyi ilə dünya gəncləri arasında qibtə olunacaq nüfuz qazanıb.
Əliyeva Günel Vüqar qızı
SDU-nun Filologiya fakültəsinin
936 A saylı qrup tələbəsi