Ramiz Hüseynov: Azərbaycan erməni vandalizminə qarşı Vətən Müharibəsi zamanı humanist mövqe sərgilədi
“Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Böyük zəfərimizlə bitən Vətən müharibəsinə mənəvi məna verən isə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın, xüsusilə mənəvi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi yolla azad edilməsi oldu. Azərbaycan son 200 illik tarixində ilk dəfədir ki, müharibədən ərazi bütövlüyünü bərpa edərək çıxdı. Müzəffər Azərbaycan ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
R.Hüseynov qeyd edib ki, bu qüruru bizə Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı: “XXI əsrin müharibəsi adlandırılan bu azadlıq mübarizəsində şanlı ordumuz Azərbaycan xalqının, onun Liderinin gücünü bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın müddətdə səbrlə, təmkinlə erməni vandallarının dinc yolla torpaqlarımızı boşaldacağını gözləyən xalqımız nəhayət ki, Ali Baş Komandanımızın qətiyyəti sayəsində qələbəyə çatdı. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər noyabrın 10-da Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyənat imzaladılar. 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın 30 ilə yaxındır düşmən tapdağında olan tarixi torpaqlarının azad olunması regionda yaranan yeni reallıqla xarakterizə olunur. Bu reallığın təzahürlərindən biri də müharibədən sonrakı həssas vəziyyətdə daimi atəşkəsə əməl olunması və münaqişədən sonrakı inkişafla bağlı əməkdaşlıqların qurulmasıdır.”
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, aprelin 13-də Prezident İlham Əliyev geniş beynəlxalq əlaqələrə malik ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmasaqda, münaqişə artıq bitsə və müharibə artıq tarixdə qalsa da biz gələcəyə baxırıq: “ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzənin verdiyi sualdan əvvəl kiçik açıqlama verməsi və bu açıqlamada Azərbaycanın innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanması, təmkinli müharibə aparması, Ermənistan tərəfinin mülki infrastrukturuna zərərin və mülki vətəndaşlar arasında itkinin minimal səviyyədə olması, müharibənin hərbi fazasının Şuşadakı Qələbədən sonra dayandırılmasını strateji baxış adlandırması onu bir daha göstərdi ki, Azərbaycan dövləti, onun Lideri erməni qaniçənlərinin insanlarımıza qarşı amansızlıqlarına baxmayaraq torpaqlarımızın azadlığını təmin edən Vətən Müharibəsi zamanı belə humanist mövqe sərgiləmişdir və bu mövqe Metyu Brayzə timsalında dünya ictimaiyyəti tərəfindən də qəbul edilir.”
R.Hüseynov bildirib ki, 3 saat ərzində dünyanın diqqət mərkəzinə regiondakı reallıqları çatdıran, Ermənistana və beynəlxalq aktorlara mühüm ismarıclar ünvanlayan Prezident İlham Əliyevə Xarici qonaqlardan ibarət konfrans iştirakçılarının verdiyi sualların çoxluğu tədbirə böyük diqqətin olduğunun göstəricisi idi: “Hər dəfə olduğu kimi, indi də dövlət başçısının Azərbaycanın baxış bucağını qəti və açıq şəkildə bəyan etməsi ölkəmizin postmüharibə dövründə mövqeyini gözlər önünə sərdi. Prezident çıxışında Ermənistanın müharibəyə qədər, müharibə zamanı və müharibədən sonra atdığı addımları, hazırda sülhün güclənməsinə mane olan məqamları və region qarşısında dayanan çağırışları beynəlxalq ekspertlərin diqqətinə çatdırdı.”
Ramiz Hüseynov,
SDU-nun Humanitar məsələlər üzrə prorektoru,
YAP Sumqayıt şəhər təşkilatının sədri