Tarixi Zəfərin nümayişi
Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdir.
Hərbi əməliyyatlar zamanı döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan ermənilər insanlıq əleyhinə müharibə cinayətləri törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan yaşayış məskənlərinə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhələr Hərbi Qənimətlər Parkının giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər M” raketinin qalıqları da var.
Cənab Prezident aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında “İsgəndər M” raketinin qalıqlarına baxan zamanı deyib: “Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.
ANAMA işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadantəmizləmə tədbirləri zamanı “İsgəndər – M” raketinin qalıqlarını tapıb.
“İsgəndər-M” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə atılması ilə bağlı məlumat Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan özü də etiraf edib.
Şuşada “İsgəndər – M” raketlərinin qalqlarının tapılması, Ermənistanın hərbi və siyasi rəhbərliyinin 44 günlük müharibədə “İsgəndər” raketindən istifadə etdiklərinə dair etirafları Rusiyanın Ermənistana “İsgəndər – E” yox, daha dağıdıcı qüvvəyə malik olan “İsgəndər –M” raketləri verdiyini deməyə əsas verir.
Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Şuşa əməliyyatından sonra Ermənistan diz çökdü. Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaqdır. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Ancaq peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına biz Şuşanı azad etdik və düşmən diz çökdü, qabağımızda başını əydi, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı və biz bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissəsini də geri aldıq.
Hərbi Qənimətlər Parkında Azərbaycan ordusunun erməni işğalçıları üzərində qazanılan tarixi Zəfərinin nümayişi vətənpərvərlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsi zamanı erməni ordusu üzərində qələbə barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Şirxan Səlimov
Azərbaycan və Şərqi Avropa xalqları tarixi
kafedrasının müdiri, professor