İki prezidenti birləşdirən qadın: - Zərifə Əliyeva
Bir övlad o zaman məmnun qalır ki, valideyni onunla fəxr edir, bir qadın o vaxt xoşbəxt olur ki, ömür-gün yoldaşı üçün əvəzolunmaz birisinə çevrilir, bir ana onda rahat nəfəs ala bilir ki, ömrünü yolunda şam kimi əritdiyi övladı ləyaqətli, cəmiyyətə yararlı, insanpərvər, vətənpərvər, dürüst, işində məsuliyyətli biri olur, bir insanın ömrü o zaman şərəfli olur ki, tutduğu yolda, amal və məqsədində hər zaman parlaq imzaya sahib olur.
Məncə, heç kəs etiraz etməz ki, sadaladığımız keyfiyyətlər Zərifə xanım Əliyevanı xarakterizə edən xüsusiyyətlərdir. Böyük fransız yazıçısı Onore de Balzak deyirdi: “Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub”. Bu gün haqqında danışacağım qadın, sözün birbaşa mənasında, məhəbbət dolu bir şəxs, bütün çətinlik və məşəqqətlərə mətanətlə sinə gərməyi bacaran insandır. Əbəs yerə deyildir ki, Ulu öndərimiz bu xanım haqqında danışanda da onun məhz bu keyfiyyətlərini vurğulayaraq deyirdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”
Heydər Əliyev ona olan səmimi duyğularını titrək notlarla elə gözəl ifadə edir ki:... “Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur”.
Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Əziz Əliyev - Azərbaycanın səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan, ayrı – ayrı vaxtlarda rektor, nazir, Mərkəzi Komitənin Katibi, Baş Nazirin müavini kimi vəzifələrdə çalışan, həmişə yüksək intellekti, təşkilatçılıq bacarığı ilə seçilən ziyalı olmuşdur. Onun ailəsində yaxşılıq etmək, səxavətli olmaq, alicənablıq və nəciblik, əməksevərlik və dürüstlük vacib keyiyyətlər idi. Zərifə xanım belə bir ailədə böyümüşdü.
Zərifə xanım Əliyeva 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmoloq peşəsinə yiyələnmək istədiyi üçün Moskva şəhərinə gəlir və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək, həkim-oftalmoloq ixtisasına yiyələnir. O, təkcə peşəsi etibarilə deyil, həm də bütün qəlbi ilə həkim idi və bu peşəni uca tutaraq deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”. Zərifə xanım həm də əsl alim idi. Azərbaycanda bir sıra göz xəstəliklərinin geniş yayıldığı və traxoma deyilən dəhşətli bəlanın tüğyan etdiyi dövrdə Zərifə xanım “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Onun təklifi ilə yeni müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapır və nəticədə, respublikada traxoma bir xəstəlik kimi ləğv edilir. Görkəmli alim bütün dünyada birinci olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Sonrakı elmi fəaliyyətində Zərifə xanım “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, apardığı tədqiqatlar “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda öz əksini tapmışdır. Onun elmi fəaliyyəti o qədər çoxşaxəli ve genişdir ki, saatlarca bu barədə danışmaq olar. Ümumilli liderimiz onun alim kimi fəaliyyətini belə səciyyələndirirdi: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar.” Ölkə başçısı cənab İlham Əliyev də anasının həkimlik fəaliyyətindən bəhs edərkən “Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi” – deyə, fikir bildirmişdir.
Ayrı-ayrı dövrdə Prezident olmuş iki insan öz ömür yollarında Zərifə xanımı xoşbəxtlik mayakı kimi qiymətləndirirdi. Zərifə xanımın doğum günü ilə bağlı keçirilmiş tədbirlərin birində Heydər Əliyev deyirdi: “Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”. Cənab İlham Əliyev isə: “Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub” – deyə, öz hissini ifadə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 1995-ci ilin oktyabrında yerli mətbuata verdiyi müsahibədən bir parçanı sizin nəzərinizə çatdırmaq istəyirəm: ona sual veriləndə ki, “Siz Zərifə xanımı necə xatırlayırsınız?” Ölkə başçısı belə cavab verir:” Ən əziz insan kimi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişildi. Yəni indi mən o vaxtlardakı kimi gülə bilmirəm, baxmayaraq ki, onun həyatdan getməsindən on ildən çox vaxt ötür. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O, vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu, onların tərbiyəsində böyük itkidir...”
Yenə başqa bir fransız yazıçısı Anatol Fransın bir fikrini xatırladacağam: “Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır”. Əminliklə deyə bilərəm ki, Zərifə xanım böyük insan Heydər Əliyev üçün ən çətin zamanlarda belə güvənilə biləcək sirdaş, yoldaş, möhtərəm dövlət başçımız üçün onu ciddi və ağır, çətin və daş-kəsəkli, bugünkü Prezident ömrünə layiq tərbiyə edən zərif güc simvoludur.
Bu gün Zərifə xanımın ruhu şaddır. Çünki böyük qayğı və məhəbbətlə, nəvaziş və məsuliiyətlə boya-başa çatdırdığı oğlu – möhtərəm Prezidentimiz cənab İlham Əliyev 44 günlük II Qarabağ savaşı ilə Azərbaycanın adını dünya tarixinə yazdı. 3 əsrə yaxın müddətdir ki, torpaq itirmişik, qarət olunmuş, qəsb olunmuşuq, sinəmizə dağ çəkilib, parçalanmışıq. İlk dəfə olaraq qətiyyətli və uzaqgörən, düzgün hədəflənmiş siyasətilə böyük sərkərdə, böyük lider İlham Əliyev torpaqlarımızın azadlığı və müdafiəsi uğrunda çəng elədi, xalq öz sərkərdəsinin yanında ordu oldu və ərazi bütövlüyümüzü təmin elədi. Belə bir oğlu – qalib sərkərdəni böyüdən Zərifə ananı hörmətlə anırıq, xatirəsi qarşısında böyük ehtiramla baş əyirik!
Sevinc Həmzəyeva
Filologiya fakültəsinin dekanı, dosent