Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Azərbaycanın xarici siyasəti və müharibədən sonrakı dövrün yeni reallıqları – PREZİDENTDƏN MÜHÜM MESAJLAR
Azərbaycanın xarici siyasəti və müharibədən sonrakı dövrün yeni reallıqları – PREZİDENTDƏN MÜHÜM MESAJLAR
Azərbaycanın xarici siyasəti xarici hökmranlıqdan tamamilə azaddır və praqmatikdir. Ölkənin mövqeyi bu prinsiplər rəhbər tutularaq formalaşdırılır.
Bütün qəbul olunmuş qərarlar Azərbaycanın milli maraqları nəzərə alınaraq məhz Azərbaycan Prezidenti tərəfindən verilir. Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir və heç bir ölkə Azərbaycanın qərarlarına təsir edə bilməz.
Bu günlərdə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə postmüharibə dövrünün yeni reallıqları, eləcə də Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı önəmli məqamlara toxundu, mühüm mesajlar verdi. Ölkə başçısı müsahibəsində bir daha vurğuladı ki, əgər kimsə süni bəhanədən istifadə etməyə çalışaraq Azərbaycanı digər ölkə ilə münasibətlərinin olmasında günahlandırıbsa, bu cəhdlər boş çıxıb. Bunun düzgün yol olmadığını və gətirib dalana çıxaracağını ifadə edən ölkə başçısı qeyd etdi ki, Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir.
Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz
Prezident İlham Əliyev İranla bağlı məsələlərə münasibət bildirərkən vurğuladı ki, biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik: “ Qarabağın azad edilməsindən sonra Ermənistanla öz sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi – bunu dayandırın”.
Ölkə başçısı bəyan etdi ki, Azərbaycan bu məsələ ilə bağlı mesajını dostcasına bildirib: “Əfsuslar olsun ki, Azərbaycanın xəbərdarlığına adekvat cavab verilmədi. Bundan sonra ölkəmiz diplomatik nota hazırladı, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Ammabu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu. Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik;
Azərbaycan qonşu ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir
Azərbaycan qonşu ölkələrlə münasibətlərə həyata keçirdiyi xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi yanaşır. Məhz bu yanaşma ilə İranın əvvəlki hökuməti ilə əlaqələr daha yüksək səviyyəyə qaldırılmışdır. Son illər ərzində ölkə rəhbərlərinin ondan çox görüşü keçirilmişdir. İkitərəfli əlaqələr nəticəsində enerji, nəqliyyat, təhlükəsizlik və mədəni inkişaf sahələrində bir çox sazişlər imzalanıb. Bu illər ərzində münasibətlər dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir.
Prezident İlham Əliyev bugünkü münasibətlərə nəzər salaraq qeyd edib ki, biz İran hökumətini ittiham etmək mövqeyində deyildik: “Azərbaycan öz mesajını növbəti sözlərlə ifadə edib: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik, bizə məlumdur ki, bunu bəzi özəl şirkətlər edir. İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları Azərbaycan rədd edir. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir”.
Ölkə başçısı müsahibəsində Rusiya sülhməramlılarının fəaliyyətinə də münasibət bildirdi. Dövlət başçısı qeyd etdi ki, Rusiya sülhməramlılarının ötən bir illik fəaliyyəti bəzi xırda insidentlər istisna olmaqla ümumən qənaətbəxşdir. Həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır.
Jurnalistin “Taliban hökumətini tanımağa hazırsınızmı” sualına Prezident İlham Əliyev cavab olaraq bildirdi ki, ilk olaraq, bu qərarı Əfqanıstanın qonşuları verməlidir: “Biz heç vaxt nə siyasi, nə iqtisadi, nə də ki, nəqliyyat sahəsi baxımından Əfqanıstanla sıx bağlı olmamışıq. Bizim Əfqanıstanda mövcudluğumuz orada sülhməramlı əməliyyatlarda iştirakla məhdudlaşıb. Yeri gəlmişkən, Azərbaycan hərbçiləri Kabil hava limanını sonuncu tərk edənlər sırasında olublar. Hərbçilərimiz hava limanını orada baş verən partlayışdan bir gün əvvəl tərk ediblər. Yəni, biz missiyamızı sonuncu günədək ləyaqətlə və maksimum səmərəli dərəcədə icra edirdik”.
Siyasi vəziyyətdən asılı olaraq Qərbdəki bəzi qüvvələr zaman – zaman Azərbaycanı gözdən salmaq və mövqelərini zəiflətmək üçün müxtəlif iftira və böhtanlardan istifadə etməyə çalışırlar. 44 günlük Vətən müharibəsi bir çoxları üçün sürpriz oldu. Bu qüvvələr Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. Prezident İlham Əliyev qeyd etdi ki, qərbdəki həmin dairələr yenə fəallaşıblar. Dövlət başçısı qeyd etdi ki, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur.
Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə bəyan etdi ki, Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcək. Prezidentin müsahibəsi dövlətimizin nüfuzuna xələl gətirmək və ölkəmizi təhdid etmək istəyənlərə təsirli bir cavab oldu. Beləliklə ölkə başçısı müsahibə zamanı Azərbaycanın müstəqil xarici siyasət yürütdüyünü və ölkəmizlə diktə dilində danışmağın faydasız və uğursuz olduğunu bir daha açıq şəkildə bəyan etdi. 44 günlük Vətən müharibəsi ilə Azərbaycan regionda yeni reallıq yaradıb və hər kəs mövcud reallıqla barışmalıdır.
 
Nemət İbayev,
Sumqayıt Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az