Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AXC-nin yaranmasından 104 il ötür...
AXC-nin yaranmasından 104 il ötür...
Prezident İlham Əliyev: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik  və bu ənənələri yaşadırıq”
1917-ci ilin fevral ayında Rusiyada monarxiya rejimi devrildi. Rusiyada hakimiyyətə  müvəqqəti hökumət gəlsə də, uzun müddət hakimiyyətdə qala bilmədi və həmin ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Bu səbəbdən Cənubi Qafqazda Müəssisələr Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Nəticədə, deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin  Zaqafqaziya Parlamentini yaratdılar. Bu seymdə Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat iştirak edirdi. Dövlət Dumalarında olduğu kimi, Zaqafqaziya Seymində ən fəal üzvlər Azərbaycan nümayəndələri idilər. Məhz Azərbaycan  deputatlarının tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin kəskin milli mənafe ziddiyyətləri, əsasən erməni nümayəndələrinin özbaşınalığı Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə, 1918-ci il mayın 25-də gürcü nümayəndə heyəti seymdən çıxdı  və mayın 26-da Gürcüstanın  müstəqilliyini elan etdilər. 1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi.
Müsəlman Şərqində ilk demokratik bir dövlət Azərbaycan Xalq Cümhuriyyəti  yarandı. 28 may 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 16-dək Tiflisdə, 16 iyundan 17 sentyabradək Gəncədə, 17 sentyabrdan 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti  dövründə hökumət əsasən 3 qoldan ibarət idi: Azərbaycan Parlamenti, hökumət və məhkəmə hakimiyyəti dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən az saylı etnoslar da öz deputatları ilə təmsil olunurdular.  
AXC-nin 1918-ci il mayın 28-də keçirilən birinci iclasında qəbul etdiyi İstiqlal Bəyannaməsinin 6 bəndi:
1. “Azərbaycan tamhüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaqdır.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaqdır.
6. Məclisi-Müəssisə çağırılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır”.
Bütün bunlar Azərbaycanın hələ həmin dövrdə müstəqil dövlət olmaqla yanaşı, multikultural, tolerant bir dövlət olduğunu göstərir.
1920-ci il aprelin 28-də bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra süquta uğradı. 1991-ci il Sovet İmperiyasının dağılması nəticəsində Azərbaycan xalqı Şimali Azərbaycanda öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra AXC ideyalarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini qurdu.
Yaşasın müstəqil Azərbaycan Respublikası!
 
 
Azərbaycan və  Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti,
Karyera Mərkəzinin müdiri Əmirxan İsayev

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az