15 iyun – Milli qurtuluşdan başlanan inkişaf yolu
Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində ümummilli lider Heydər Əliyev zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş müdrik siyasi dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Azərbaycan xalqı Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir və xalq böyük xilaskarının xidmətlərini unutmur. Ümummilli lider Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
1991‒1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. 1992-ci ilin may ayında silahlı yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevirən neqativ meyillərin baş qaldırmasına, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirirdi, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
1993-cü il iyunun 9-da Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi və iyun ayının 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi müstəqillik tariximizin ən böyük siyasi hadisəsi oldu. Ulu öndərin ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış olmuşdur. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanda baş qaldırmış separatizmə son qoyuldu. Bu baxımdan Ulu öndərin xalqımızın qarşısında ən mühüm və tarixi xidmətlərindən biri Azərbaycanın parçalanmasına çalışan xarici dairələrin planlarını iflasa uğratması idi. Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu 15 iyun tarixi haqlı olaraq əsl qurtuluş, xalqımızın, millətimizin fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi tariximizə həkk olundu.
Ötən 29 ildə ölkəmiz çox dəyişib, inkişaf edib, müstəqilliyini və dövlətçiliyini daha da möhkəmləndirib. Bu illərdə Azərbaycan dünya birliyində özünə layiqli yer tutub, regional və qlobal miqyasda söz sahibinə, Cənubi Qafqazın liderinə çevrilib. Ulu öndərin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi ölkə iqtisadiyyatının daha da yüksəlməsinə yol açmışdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Bütün bu nailiyyətlər bir daha göstərir ki, Azərbaycan Heydər Əliyevin 1993-cü ilin 15 iyunundan sonra yaratdığı tarixin yeni mərhələsini yaşayır. II Qarabağ müharibəsindəki Qələbə isə təsdiq edir ki, ölkəmizin, dövlətimizin nailiyyətləri davamlıdır. Azərbaycan dünya birliyində hər zaman öz layiqli və dəyərli yerini tutacaq.
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin
Azərbaycan dili və ədəbiyyatı fənn birləşmə müəllimi Meybullayeva Leyla Kiçmirzə qızı