Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, şəxsi heyətin sayı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasında olduğu halda, Ermənistan ordusu 97-ci yerdə qərarlaşıb. Biz ordumuzun həm maddi-texniki təchizatının, həm də döyüş qabiliyyətinin yüksək olduğunu 44 günlük zəfər tariximizdə düşmənə sübut etdik. Ordumuzda 274,500 hərbiçi qulluq edir, ehtiyatda isə 95 min nəfər hərbiçimiz var.
AXC dövründə 1918-ci il 26 iyun tarixli qərarla ilk ordu hissəsi əlahiddə Azərbaycan korpusunun təşkil olunduğunu əsas tutaraq Müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yaranması Gününü qeyd etmək məqsədilə Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü kimi qeyd edilməyə başlamışdır.
Hər bir dövlətin daxili siyasətində ordu quruculuğu ən əsas sahələrdən biridir. Hələ 1969-cu ildə Heydər Əliyev 1-ci hakimiyyəti dövründə bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atmış, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etmişdir. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərində təhsil alması üçün şərait yaratmışdır. C.Naxçıvanski adına Hərbi Məktəbdə yetişən zabit kadrlarımız istər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərmişlər. 1993-cü ildə hakimiyyətə gəlmiş Ulu öndər bütün sahələr kimi, ordu quruculuğuna da diqqət və qayğısını artırmışdır. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən dövlətimizə rəhbərlik edən Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqətlə yanaşmışdır. Ötən bir neçə illə müqayisədə 2003-cü ildə Azərbaycanın hərbi qüvvəsinə dövlət büdcəsindən xərclənən xərc 115 milyon manat, 2010-cu ildə 2,2 milyard manat olduğu halda, 2020-ci ildə 3 milyard 853,6 milyon manat təşkil etmişdir. 2030-cu ilədək hərbi büdcə xərclərinin 5 milyard manata çatdırılması nəzərdə tutulur. Müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə böyük diqqət ayırmışdır. 2005-ci il 16 dekabrda yaradılmış Müdafiə Sənayesi Nazirliyi ordumuz üçün 1200 adda müxtəlif növ silah növlərinin, o cümlədən atıcı silah-sursatların, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat patrul maşınlarının “Orbiter”, “Aerostar-BP”, “Pegasus” və Zərbə tipli pilotsuz uçuş apartlarının, digər hərbi və mülki təyinatlı avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəyiblər. Azərbayacan son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bu baxımdan Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təminatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Müdafiə Sənayesi Nazirliyi bu günə qədər dəyəri 2 milyard manatdan artıq olan hərbi təminatlı məhsul istehsal etmişdir ki, bunun sayəsində Azərbaycan Silahlı Qüvvələrinin gücü hərbi baxımdan daha da artmışdır.
Yaşasın müsəqil Azərbaycan Ordusu!
Azərbaycan və Şərqi Avropa xalqları tarixi
kafedrasının dosenti Əmirxan İsayev