44 günlük Vətən müharibəsi Şanlı tariximizdir!
2020-ci il dekabrın 2-də Cənab Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələrək dövlət Azərbaycanın Vətən müharibəsində iştirak etmiş mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Bunun bariz nümunəsi olaraq Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr ‒ Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib. Cənab Prezident çıxışı zamanı mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi zamanı dünyasını dəyişmiş şəhidlərimizə rəhmət diləyərək onların Vətən, torpaq uğrunda canlarından keçdiklərini, qəhrəman əsgər və zabitlərimizin vətən qarşısında xidmətlərinin dəyərləndirildiyini bildirmiş və şəhidlərimizin qisasının alındığını, qanlarının yerdə qalmadığını bildirmişdir.
Cənab Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsinin şanlı tarixə çevrilməsindən bəhs edərək qeyd etmişdir ki, Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpağımızdan qovdu. Cənab Prezident əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın azad olunduğunu, şəhər və kəndlərimizdə quruculuq işlərinin aparıldığını diqqətə çatdırmışdır.
30 ilə yaxın bir müddətdə düşmən tapdağında qalmış, müharibənin ilk günündə Ali Baş Komandan başda olmaqla qəhrəman əsgər və zabitlərimiz tərəfindən işğaldan azad edilmiş ilk beş kənddən biri olan Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə abidənin ucaldılması təsadüf deyildir. Bura ilk şəhidlərimizin şəhadətə qovuşduğu yerdir. Digər tərəfdən anım günü bu kəndlərin azad edildiyi günə təsadüf etmişdir.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan döyüşçüləri düşmənin birinci müdafiə xəttini buradan yararaq hücuma başlamışlar. Bir neçə xəttdən ibarət səngərlərinin olmasına baxmayaraq, ölümdən qorxmayan qəhrəman əsgər və zabitlərimizin öz canlarını fəda edərək üçrəngli bayrağımızın işğal altında qalan digər torpaqlarımızda da dalğalanması üçün ölümdən belə çəkinmədiklərini sübut etdilər.
Dünya hərb tarixində görünməmiş bir hadisədir ki, 30 illik işğala 44 gün ərzində son qoyulsun. Bunun əsas səbəblərindən biri bu döyüşlərin nankor ermənilərdən fərqli olaraq, özgə torpaqlarının işğalı uğrunda deyil, düşmən tapdağında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda getməsi idi. Bu, digər tərəfdən əsgər və zabitlərimizin döyüş qabiliyyətinin və vətənpərvərlik ruhunun son dərəcə yüksək olmasından irəli gəlirdi. Məhz bütün bunların nəticəsində cəmi 44 günün ərzində 300-ə yaxın şəhər və kəndimizin işğalına son qoyulmuş və düşmən tapdağından azad edilmişdir.
Cənab Prezident sonda qeyd etmişdir ki, bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısı, onun qarantıdır.
Bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd edim ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Elmar Xəlilov, Sumqayıt Dövlət Universitetinin dosenti, Tarix üzrə fəlsəfə doktoru