Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ramiz Hüseynov: Əfv Sərəncamı yüzlərlə məhbusa öz həyatını yenidən qurmağa imkan verəcək
Ramiz Hüseynov: Əfv Sərəncamı yüzlərlə məhbusa öz həyatını yenidən qurmağa imkan verəcək

Prezidentin imzaladığı əfv Sərəncamı dövlətimizin humanist siyasətinin təzahürüdür

"Milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən bəhrələnmək, dövlətlə vətəndaşın mənafeyini üzvi şəkildə birləşdirən cəza siyasətinin humanistləşdirilməsi ölkədə vahid sosium üçün uğurlu təməldir. Artıq bir aksiomadır ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşı dayanır. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin təməl prinsipi humanizmə əsaslanır."
Bu fikirləri "İki sahil"ə açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov deyib.
R.Hüseynov qeyd edib ki, bu humanist siyasi fəaliyyətin nəticəsidir ki, müqəddəs Vətən müharibəsi başlayan zaman Ali Baş Komandanımızın çağırışına hər bir azərbaycanlı sidq ürəklə cavab verib son damla qanına qədər Vətən uğrunda döyüşə atıldı və 44 günlük azadlıq savaşında qürur mənbəyimiz olan Zəfər qazanıldı: "Möhtərəm Prezidentimizin humanist siyasətinin təzahürü olaraq cəza siyasətində humanistləşdirilmə və cinayətlərin dekriminallaşdırılması ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri kimi mühüm dəyişikliklər qəbul edilmişdir.
Dəyişikliklərə əsasən, bəzi əməllərə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılıb, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə müəyyən olunub, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə bəzi alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilib."
YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin humanistləşdirilmiş cəza siyasəti fonunda martın 18-də məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı Sərəncam xalqımızın milli birlik, milli humanizm bayramı olan Novruz bayramına yeni bir bayram qatdı: "Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülməklə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmiş, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunmuş və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilmişdir. Ölkə başçısının imzaladığı əfv Sərəncamı yüzlərlə məhbusa öz həyatını yenidən qurmağa, həyatında daha təmiz bir səhifə açmağa imkan verəcək. Bu mənada, Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı bu Sərəncam ölkə həyatında mühüm ictimai-siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirilir."
YAP Sumqayıt şəhər təşkilatının sədri onu da bildirib ki, imzalanmış Sərəncam respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirir, xalqın dövlətə, ədalətə inamını daha da artırır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az