Mükəmməllik Mərkəzi
Mükəmməllik Mərkəzi Sumqayıt Dövlət Universiteti (SDU) Elmi Şurasının 6 sentyabr 2024-cü il tarixli qərarı ilə təsis edilib.
Mərkəzin prioritet vəzifəsi Universitetdə tələbə və əməkdaşların asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, onların akademik uğur, bilik və səriştələrin əldə edilməsinə, tələbə klubları, dərnəklərin fəaliyyətinə dəstək verməkdir. Bunlarla bərabər, Mərkəz tələbə və əməkdaşların ictimai, mədəni, incəsənət, idman sahələrində fəaliyyətlərini intensiv şəkildə canlandıran klublar yaratmaq, tələbələrin dərsdənkənar vaxtlarını səmərəli keçirərək onlarda özünəinamın artmasına kömək etmək, intellektual biliklərin zənginləşməsində digər universitetlərlə birgə tədbirlərə cəlb etmək, sosial ideyaların həyata keçirilməsi üçün resurslar axtarmaq, səmərəli təhsil mühitinin formalaşması üçün tələbələrin sosial-mənəvi rifahının yüksəldilməsinə xidmət edəcək kompleks tədbirlər görmək, tələbələrdən ibarət klub, həmçinin dərnəklərin fəaliyyətinə nəzarət etmək, o cümlədən gəncləri elm və təhsilə həvəsləndirəcək tədbirlər həyata keçirməyi nəzərdə tutur. Bununla bərabər, Mərkəz fəaliyyətə uyğun təcrübələri araşdırmaq, bu sahədə işlərin təkmilləşdirilməsi istiqamətində müəyyən təkliflər hazırlayıb həyata keçirir. Filologiya fakültəsi Azərbaycan dili və onun tədrisi kafedrasının baş müəllimi Əli İttifaq oğlu Rzayev SDU rektorunun 01.10.2024-cü cü il tarixli əmri ilə (K-171/2) Mükəmməllik Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. 2002 -ci ildə Gəncə Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin şərq dilləri (ərəb-fars dilləri və ədəbiyyatı) ixtisasını fərqlənmə diplomu ilə bitirən Əli Rzayev 2012- ci ildə Misirin “Cənub Vadi” universitetində “Ərəb dili və ədəbiyyatı” ixtisası üzrə magistratura təhsilini başa vurub. Müxtəlif qurumlarda tərcüməçi və Şərq ölkələri üzrə mütəxəssis kimi çalışmış Əli Rzayev hazırda SDU-nun Filologiya, həmçinin Tarix və coğrafiya fakültələrində “Əski Azərbaycan əlifbası” fənnini tədris edir. Azərbaycan Yazlçılar Birliyinin üzvü olan Əli Rzayev Azərbaycan ədəbiyyatından bəzi nümunələri Şərq (ərəb və fars) dillərinə tərcümə edib, hazırda Nizami Gəncəvinin əsərlərinin orjinalda tədqiqatı ilə məşğuldur. Səkkiz bədii kitab müəllifi olan müəllif həmçinin şərqdilli dünya mətbuatında məqalələrlə Azərbaycanı təmsil edir. Onun “Xocalıya ədalət” kampaniyası çərçivəsində ərəbcə yazdığı “Xocalıya ədalət” əsəri bir sıra ərəbdilli ölkələrdə yayımlanıb, təqdimatı keçirilib.