Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İrəvan
İrəvan

Qədim Azərbaycan şəhəri İrəvan

 Hər bir azərbaycanlı üçün qədim Bakı, Gəncə, Bərdə, Şəki, Dərbənd, Naxçıvan, Təbriz, Ərdəbil şəhərləri nə qədər əzizdirsə, İrəvan şəhəri də bir o qədər əziz və doğmadır. Müxtəlif dövrlərdə İrəvan şəhərinin yerləşdiyi ərazi Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir.
İrəvan şəhəri 40°08′ şimal en dairəsi və 44°10′ şərq uzunluğunda, Ağrı vadisinin şimal-şərq hissəsində yerləşir. Dəniz səviyyəsindən təqribən 900-1000 metr yüksəklikdə salınan İrəvan şəhəri hər tərəfdən bağlarla əhatə olunmuşdur.

Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində  Rəvan, İrəvan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğalından sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmış, daha sonralar, XX əsrdə tarixdə ilk dəfə erməni dövlətinin paytaxtına çevrildikdən sonra Yerevan adlandırılmışdır. Erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adının Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmişir və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdır. Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan əlaqəsi olmuşdur. Qədim yaşayış məntəqəsi olan, orta əsrlərdən şəhər kimi formalaşan İrəvan yaşayış məntəqəsi ilə, 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebunu qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpəni də şəhərətrafı əraziyə daxil etmişlər. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır. [1, 423]
İrəvan şəhəri və onun ətrafındakı hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.), oykonimlərin (yaşayış məntəqələri, küçələr, məhəllələr və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir. Urartuluların süqutundan ərəb xilafətinin bərqərar olmasınadək keçən təqribən 1200 il ərzində heç bir mənbədə bu yaşayış məntəqəsinin adı çəkilmir. Bunları bəzi obyektiv erməni tarixçiləri də etiraf edirlər. [2, 287]

 Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxur-Səəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.
Zəngi (indi Hrazdan adlandırıblar) və Gedər çaylarının arasında yerləşən İrəvan şəhəri orta əsrlərdə şimal-qərb və şimal-şərq tərəfdən dağlarla və təpələrlə, cənub və cənub-qərb tərəfdən isə əkinə yararlı vadi ilə əhatə olunmuşdu. İrəvan qalası Zəngi çayının sol sahilindəki sıldırımlı təpənin üzərində salınmışdı. Coğrafi baxımdan strateji əhəmiyyət kəsb etdiyi üçün İrəvan şəhəri daim müharibələr meydanına çevrilmiş, dəfələrlə əldən-ələ keçmişdir. Müharibələr və zəlzələlər nəticəsində böyük dağıntılara məruz qalan şəhər, hər dəfə qısa müddətdə yenidən bərpa edilmişdir. Çox məşhur olan İrəvan qalası və bağları şəhərə gələn bütün səyyahların diqqət mərkəzində olmuş, onlar haqqında geniş məlumatlar verilmişdir.
Quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə  olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Zəngi çayından şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün 4 kanal – Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları çəkilmişdi. [3, 183]Şəhərin cənubundakı bağlar isə (Qırxbulaq) çayından çəkilən kanal və arxlarla suvarılırdı. İrəvan torpaqlarından ildə 2-3 dəfə məhsul götürülürdü. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər (Qırxbulaq) çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi. XX əsrin əvvəlində İrəvandan təqribən 19 km uzaqlıqda Gedər çayının mənbəyindən (Qırxbulaqdan) şəhərə su kəməri çəkilmişdi. Bu kəmərin çəkilməsində şəhərin imkanlı azərbaycanlılarının müstəsna xidmətləri olmuşdu. [4, 269-273]
Xanlıqlar dövründə İrəvan şəhəri dörd kvartaldan – Qala, Şəhər (Şəhri), Təpəbaşı və Dəmirbulaq yaşayış massivlərindən ibarət olmuşdur. Sayca çox az olan ermənilər yalnız şəhərin ətrafındakı bəzi qəsəbələrdə yaşayırdılar. Şəhər (Şəhri) massivi İrəvanın ən qədim hissəsi olmuşdur. Şəhərin qərbində yerləşən Təpəbaşı massivində (hazırda Kond adlanır) Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Təpəbaşı massivini Şəhər massivindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar.
Şərqin nadir memarlıq incilərindən hesab edilən Xan sarayı, yaxud Sərdar sarayı İrəvan sərdarı Əmirqunə xan Qacar (1605-1625) tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762-1783) tərəfindən təkmilləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784-1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirmişdi.
Fransız səyyahı Jan Şardən “Parisdən İsfahana səyahət” əsərində 1673-cü ildə İrəvanda gördüklərini geniş şəkildə təsvir etmişdir. İrəvan qalasını, Xan sarayını təsvir edən Şardən yazır ki, təxminən 800 evdən ibarət olan qala kiçik bir şəhərdən böyükdür, orada ancaq təmizqanlı səfəvilər yaşayırlar. [5, 21] Təmizqanlı səfəvilər dedikdə, müəllif İrəvanın şiə məzhəbli türk qızılbaş əhalisini nəzərdə tuturdu.
Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bircə dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünki İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.
İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur. [6, 468-469]
Avropa səyyahları Jan Tavernye, Jan Şardən, Kerr-Porter, Ceyms Morier, Monpere, Kameron, Linç və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı və şəhərdəki məscidləri, hovuz və hamamları, Zəngi çayından enib keçən yeraltı mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər.
Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400×400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. [6, 877] Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı adlanırdı.
İrəvanda Şərq memarlıq üslubunda 8 hamam – Şəhər,  Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. [6, 469]Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı.
XIX əsrin sonları, XX əsri əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s. [3, 356-357]
Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı. İrəvan bağlarının bəzi məhsulları qurudulmuş şəkildə Avropaya ixrac edilirdi. [6, 471]
Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur. [6, 475]
Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Şah Abbas, Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi.[7, 158-159; 8, 205]
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra məscidlər bir-birinin ardınca dağıdılmışdır. Cənubi Qafqazın ən böyük məscidi olan Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdi. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz məqsədinə xidmət edirdi, hazırda həmin məscid də yer üzündən silinmiş, onun yerində hündürmərtəbəli bina ücaldılmışdır. Şəhərdə məscidlərlə yanaşı mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.
1918-ci ildə Cənubi Qafqazda ilk dəfə erməni dövləti – Ermənistan Respublikası yarananda Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İrəvan şəhərinin paytaxt kimi ermənilərə güzəşt edilməsi haqqında qərar qəbul etmişdir. [9, 51-52]
XX əsrin əvvəllərinədək İrəvan qalası, onun içərisində yerləşən Xan sarayı, Abbas Mirzə məscidi şəhərin tarixi-memarlıq incilərindən hesab olunurdu. Erməni vandalları İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardınca yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər. XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhəllələri mövcudluğunu qoruyub saxlayırdı. Ermənilər İrəvanda XIX əsrin əvvəllərindən etibarən məskunlaşdıqları üçün erməni məhəllələri azərbaycanlı məhəllələrini üzük qaşı kimi əhatələmişdi. 50-60-cı illərdə azərbaycanlıların kompakt yaşadıqları məhəllələri, onların qədim qəbiristanlıqlarını yeni tikililər inşa etmək bəhanəsilə yerlə yeksan etdilər.
Azərbaycanlılara qarşı törədilən 1905-1906-cı illər kütləvi qırğınalrı, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasityaları İrəvan şəhərinin azərbaycanlı simasını ermənilərin xeyrinə tamamilə dəyişdirdi. İrəvan şəhərindən azərbaycanlıların maddi-mədəniyyət izlərini silən, ardınca azərbaycanlı etnik kimliyini yox edərək monoetnik erməni şəhəri yaratmağa nail olan ermənilər indi də tarix kitablarından, dərsliklərdən azərbaycanlıların izini silməyə çalışırlar.
 
İstifadə olunmuş ədəbiyyat:
 
1. Арутюнян Н.В. Биайнили (Урарту). Ереван, 1970.
2. Xaçatur Abovyan. Seçilmiş əsərləri, VIII cild, Yerevan, 1958.
3. Развитие Еревана после присоединения Восточной Армении к России. Сборник документов. 1801-1917гг. Ереван, 1978.
4. Акопян Тадевос. Очерк истории Еревана. Ереван, 1977.
5. Şardən J. Səyahətnamə (Fransız dilindən tərcümə edən V.Aslanov). Bakı, 1994.
6. Шопен И.И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб., 1852.
7. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, Azərbaycan, 2010.
8. Bournoutian G.A. The khanate of Erevan under Qajar rule 1795-1828. Mazda Publishers in association with Bibliotheca Persica. Costa Mesa, California and New York, 1992.
9. ARDA, fond 970, siy.1, iş 1.
 
İrəvan məscidləri - FOTOLAR
 
Vaxtilə bütün Qafqazda görkəmli və hündür qülləli məscidləri ilə məşhur olan İrəvan şəhərində bu gün “Göy məscid”dən başqa heç bir müsəlman ibadətgahından əsər-əlamət qalmayıb.  “Göy məscid”i isə ermənilər dünya ictimaiyyətinə  İran -fars məscidi kimi təqdim edirlər.
 
Məşhur fransız səyyahı və etnoqrafı  İvan Şopen (1798-1870) XIX-əsrin 20-ci illərində Rusiyaya gələrək, Qafqaz canişinliyinə işə düzəldikdən sonra  general İ.F.Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçivan  əhalisinin tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlayıb. İ.Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplayıb. O, 1832-ci ildə İrəvanda 12 məscid qeydə alıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”,  “Zal xan məscidi”, “Novruzəli bəy mədcidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar. Bu məscidlərin bəziləri bir sıra alban abidələri ilə birlikdə erməni vandalları tərəfindən tədricən dağıdılıb və ya erməniləşdirilib.
 
İrəvandakı məscidlərin ən qədimi  “Sərdar məscidi”dir.  Köhnə məscid adlandırılan  bu ibadətgah Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu Xan İrəvan qalasını tikdirdiyi dövrdə  inşa edilib. 1589-cu ildə isə Osmanlı türkləri tərəfindən yenidən bərpa edilib. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün “Sərdar məscidi” adlandırılıb.1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıbıar. Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb. 
 
Araşdırmalar göstərir ki, 1912- ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə  İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə  olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib. Hündür minarələri olan İrəvan məscidləri şəhərin möhtəşəm görüntüsünü  səciyyələndirən tikililərdən idi. Belə məscidlərdən 4-ü İrəvan qalasının “Səhər” məhəlləsində yerləşirdi. Bunlar “Novruzəli xan”, “Hüseynəli xan” (indiki “Göy məscid”), “Xoca Səfər bəy” və “Məhəmməd Sərtib xan” məscidləri idi.
 
İrəvan məscidləri arasında sənət dəyərı baxımından “Şah Abbas məscidi”nin əhəmiyyəti çox böyükdür. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah Abbas məscidi” adı verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918- ci ilə qədər “Şah Abbas məscidi” yarımuçuq vəziyyətdə olsa da, sonralar  tamamilə məhv edilib.
 
İrəvandakı “Xudabəndə  məscidi” Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə  tərəfindən tikilib. Uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid bişmiş qırmızı kərpicdən tikilmişdi. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən məscidin giriş qapısı üzərində bir kitabə də yerləşdirilmişdi. (şəkli qalmayıb).
 
“Dəmirbulaq məscidi” İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində 17-18-ci əsrlərə aid müsəlman ibadət məkanıdır. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq məscidi” adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə ona bəzən “Günlüklü məscid” də deyirmişlər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən 17-18-ci əsrlərdə inşa etdirilib.
1988-ci ilə kimi fəaliyytə göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb və talan edilərək yandırılıb.

 “Rəcəb paşa məscidi”. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonda (1827) Rəcəb paşanın inşa etdirdiyi məscid dağıdılıb və yerində Rus pravoslav kilsəsi tikilib.
 
“Abbas Mirzə xan məscidi” 18-ci əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilib. 1827-ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb.
 
“Şükürbəyli  məscidi” İrəvanda tikilib. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və  adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli məscidi” rus kilsəsi kimi fəaliyyətdədir.
“Zalhan məscidi” İrəvanda  tikilib. Məscid II Dünya müharibəsindən sonra arxitektura  xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.  
 
“Göy məscid” hazırda Ermənistanın paytaxtı İrəvanda qalmış yeganə ibadətgahdır. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib. Azərbaycanın memarlıq nümunələrindən biri olan bu məscidin eni 66, uzunluğu 92,2 metrdir. “Göy məscid” İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi.
Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik  ərazidə yerləşir. İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918- ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.
“Göy məscid” 1995-2006-cı illərdə İran tikinti şirkətlərinin köməkliyi ilə  bərpa olunub və İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilib.

İrəvan və ətraf  ərazilərdə  yerləşən məscidlər haqqında ingilis tədqiqatçısı Tom de Vaal yazır: “Ermənilərin azərbaycanlılara məxsus məscidləri belə asanlıqla yer üzündən silməsini linqvistik oyun ilə izah etmək olar. Sən demə, Ermənistan Azərbaycanın tarixini məhv etməklə  bütövlükdə ölkəni məhv etmək fikrində imiş. Ona görə də XX əsrə qədər onlar azərbaycanlıları “tatar”, “müsəlman” və ya “türk”adlandırırdılar. Əslində isə onlar türkdilli şiələr idilər. Bir sözlə, onlar indiki azərbaycanlıların babaları olub. Beləliklə, ermənilər İrəvanda “fars məscidi” haqqında danışarkən, “fars” deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən “Göy məscid”də dua edənlər azərbaycanlılar olub”. 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az