MÜƏLLİFDƏN
Bu tərcümə – tərtib işi erməni mədəniyyətinin tanınmış nümayəndələrinin (yazıçı və şairlərin, elm və incəsənət xadimlərinin, ümumilikdə isə ziyalıların) Azərbaycan türkləri və azərbaycanşünaslıq haqqında yüzilliklərin sınağından çıxmış həqiqətlərin doğulduğu fikir və mülahizələr əsasında hazırlanmışdır.
Elmi, ictimai-siyasi durumun əksər daşıyıcılarına bəlli olan bu elmi, bədii, publisistik mülahizələr tarixi reallıqların axarında formalaşmışdır. Lakin bu mülahizələr bəzən birmənalı qarşılanmamışlar: onları təsdiq edənlər də olmuşdur, qərəzli, məkirli münasibət göstərənlər də.
Əlbəttə, ermənidilli məxəzlərdə – tarixi xronikalardan (V-XVIII ə.) tutmuş ayrı-ayrı yüzilliklərə aid əlyazmalarına, «xalq kitabları»na, onlarla şair və yazıçıların əsərlərinə, elm və din xadimlərinin araşdırmalarına qədər Azərbaycan türkləri və onun mədəni-mənəvi irsi ilə bağlı söylənilmiş mülahizələri bir toplu çərçivəsinə sığışdırmaq mümkün deyildir. Bu nəşrdə isə Azərbaycan mənəvi mədəniyyətinin təsir gücü və yayılma çevrəsini müəyyənləşdirən obyektiv və məntiqi mülahizələr, tezislər və bütün bunları özündə toplayan etiraflar sistemləşdirilmişdir.
Etiraflar isə, hər şeydən öncə, ayrı-ayrı tarixi kəsimlərin doğurduğu qənaətlərdir. Bu gün onlara üz tutmaq çağdaş durum üçün aktual məsələdir və bir sıra mətləblərə aydınlıq, aşkarlıq gətirə bilər.
Arakel Təbrizli – XVII əsr tarixçisi
«Koroğlu (bu həmin Koroğludur ki, hal-hazırda aşıqların oxuduğu saysız-hesabsız nəğmələr qoşmuşdur).
Giziroğlu Mustafa bəy min nəfər ilə (o Koroğlunun yoldaşıdır, hansı ki, öz nəğmələrində çox yerdə onun adını xatırlamışdır).
Sonra özgə Mustafa bəy.
Qaraqaş, Dəli Nəsib, Yola Sığmaz, Tanrı Tanımaz, Göyəbaxan Çıplaq, Kosa-kosa, Qırlı, Qara Saad, Ağacan Piri.
Onların hamısı cəlali idilər….»
Arakel Davrijetsi. Tarix,
Vağarşabat, 1896, s.87.
Xaçatur Abovyan – (1805-1848) yeni realist ədəbiyyatın banisi, yazıçı, maarifçi-demokrat, pedaqoq.
«Müdriklik, elm və özgə hikmətlərin yeganə mənbəyi hesab edilən ərəb və fars dillərinə müsəlmanlar arasında hörmət onların mömin və mütəəssirliyindən irəli gəlir. Axı, orta əsrlərdə də qədim dillər haqqında bu cür hökmlər söyləyirdilər. Amma özünün poetikliyi, səslənməsi və axıcılığına görə tatar (Azərbaycan – İ.A.) qrammatik baxımdan bütün dillər arasında yeganə dildir».
X.Abovyan. Əsərlərinin tam külliyyatı,
V cild, İrəvan, 1950, s.174.
«…Xalq tatarca (Azərbaycanca – İ.A.) çoxlu söz və ifadələr qəbul edib və indi də işlədir».
Yenə orada, s.48
«Bayatıları o məqsədlə yazmışam ki, məclisdə çörək üstə türklərin (azərbaycanlıların – İ.A.) söylədiyi belə şeylərdən qoy ermənilər də ermənisayağı desin ki, az-çox dilləri şirinləşsin. Heç nə dili o qələr şirinləşdirmir nəinki nəğmə və şeir. Ümidvaram ki, camaat daha yaxşısını düzəldəcəkdir».
X.Abovyan. Əsərlərinin tam külliyyatı,
II cild, İrəvan, 1948, s.189.
«Hər dəfə qonaq gedərkən və ya şəhərin içindən keçərkən fikrimi toplayıb diqqət edirdim ki, görüm xalq danışdığı, yaxud şənləndiyi zaman nədən daha çox zövq alır. Hər dəfə görürdüm ki, onlar meydanda, küçədə bir kor aşığa elə qulaq asır, elə valeh olurlar ki, az qalır ağızlarının suyu axa.
Məclisdə, toyda sazandasız heç çörək yemək olardımı? Dedikləri türkcə (azərbaycanca – İ.A.) idi, çoxları bir kəlmə də başa düşmürdü, amma dinləyənin, görənin ruhu cənnətə gedib-gəlirdi».
X.Abovyan. Ermənistanın yaraları,
İrəvan, 1939, s.9.
«Bizim yeni dilimizin (aşxarabar – İ.A.) yarısı türk (Azərbaycan – İ.A.) və fars sözləridir. …onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (azərbaycanca – İ.A.) deyir, səbəbi? Çünki buna adət etmişlər».
Yenə orada, s.80-81.
Erməni xalq dili «… öz tərkibi, eləcə də öz forması etibarilə köhnədən (qrabar – İ.A.) tamamilə fərqlidir və hər şeydə tatar (Azərbaycan – İ.A.) dilinə bənzəyir. Adi danışıq zamanı xalqın ağzından nəinki bir-iki türk (Azərbaycan – İ.A.) sözləri, hətta bütün ifadələr, cümlələr eşidirsən».
Yenə orada, s.41-42.
«Türk (Azərbaycan – İ.A.) dili bizdə o qədər yayılmışdır ki, bu dili hətta qadınlar və uşaqlar belə başa düşürlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (azərbaycanca – İ.A.) şeir yaratmaları və oxumaları çox adi bir haldır».
X.Abovyan, Naxaşaviq,
İrəvan, 1940, s.48
«Qədim və yeni dillərin başlıca fərqi danışıq tərzində və sintaksis quruluşundadır. Bu cəhətdən qədim erməni dili (qrabar – İ.A.) Avropa dillərinə, yeni erməni dili (aşxarabar – İ.A.) isə türk (Azərbaycan – İ.A.) dilinə oxşayır».
Yenə orada, s.45.
«Kim bilmir ki, insanın qəlbi qaraldıqda, ona kəlmə və sözün, illah ki, nəğmə və bayatının etdiyi təsir qədər heç bir qılınc, heç bir dərman və heç bir yuxu təsir edə bilməz…»
X.Abovyan. Əsərlərinin tam külliyyatı,
III cild, İrəvan, 1948, s.144.
«Kərəmin, Aşıq Qəribin, Keşişoğlunun nəğmə və nağıllarını aşıqlar oxuyub, sonra isə sazlarını işə saldıqları zaman adam nə yemək, nə içmək istəməzdi. Bir saz da özü götürüb, gecə və gündüz dağı-daşı diyar-diyar dolaşmaq, özü də bu günləri yaşamaq istəyirdi, bəlkə ona da Allah elə bir yar, elə bir pəri rast gətirəydi ki, gecə-gündüz onun yanında oturub, nə yata, nə gözünü yumaydı, ona baxaydı, onu tərif edəydi, onun ətrindən bihuş olub, ondan doya idi».
X.Abovyan. Əsərləri, IV cild,
İrəvan, 1947, s.3.
Mikayel Nalbandyan – (1829-1866) yazıçı, tənqidçi, filosof, inqilabçı-demokrat.
«Bu gün türk (azərbaycanlı – İ.A.) və erməni demək olar ki, eyni diyarda yaşayır. Bu millətlər eyni təbiətin təsirinə tabedirlər. Yaxın zamanlara kimi də demək olar ki, eyni dövlətin hökmranlığı altında idilər. Hər ikisi asiyalı, hər ikisi şərqli, xasiyyət və danışıq formaları təbii olaraq bir-birinə yaxın, buna səbəb asiyalı olduqlarına görə, şübhəsiz ki, eyni şəraitdə yaşamalarıdır. Kim milləti millətdən ancaq adı və dini ilə fərqləndirirsə, o bunun təbii-psixoloji səbəblərinin nədən ibarət olduğunu anlamır. Türkün (azərbaycanlının – İ.A.) erməninin yanıqlı və qəmli nəğmələri və mahnılarından aldığı ləzzəti erməni də türkün (azərbaycanlının – İ.A.) mahnısından alır. Lakin ikisi üçün də Bethovenin simfoniyaları, Motsartın Don-Juanı «səhrada eşidilən səs kimidir». Hər ikisi… «Durna hardan gəlirsən…», Koroğlunun «Eyvazın gümüş kəməri», Kərəm və Aşıq Qəribin mahnılarını min bir maraqla oxumağı üstün tutur».
M.Nalbandyan. Əsərlərinin tam külliyyatı,
III cild, İrəvan, 1940.s.183-184.
Qədim nəğmə və mahnıların «…havalarının əksəriyyəti türklərdən (azərbaycanlılardan – İ.A.) götürülüb. Mən, ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb».
M.Nalbandyan. Əsərlərinin tam külliyyatı,
I cild, İrəvan, 1945, s.276.
«…Elə türk (Azərbaycan – İ.A.) sözləri vardır ki, ümumi millət (ermənilər – İ.A.) tərəfindən işlədilir. Bu sözlərin qədim ermənicəsi olduğuna baxmayaraq bununla belə onlar millət içərisinə o qədər dərindən daxil olmuşdur ki, …bu sözləri xalqın dilindən qoparıb yerinə öz, lakin millət üçün ölmüş sözləri qoymaq olmaz».
M.Nalbandyan. Əsərlərinin tam külliyyatı,
III cild, İrəvan, 1940, s.183-184.
Qazaros Ağayan – (1840-1911) tanınmış yazıçı, pedaqoq.
«Erməni dili özünün qrammatikası ilə türkcəyə (azərbaycancaya – İ.A.) çox bənzəyir…. Erməni xalqı və aşıqları türkcəni (azərbaycancanı – İ.A.) öyrənməkdə və bu dildə danışmaqda heç bir çətinlik çəkməmişlər. Hətta indi də türklərdən (azərbaycanlılardan – İ.A.) çox uzaqda olmalarına baxmayaraq, türkcə (azərbaycanca – İ.A.) yaxşı danışan bir çox yazıçılar vardır. Bu dil sanki erməni üçün doğma dildir. Onu demək istəyirəm ki, türkcə (azərbaycanca – İ.A.) nəğmə deməyin bir səbəbi də bu dilin erməni üçün asan olmasıdır, ona görə ki, hər iki dildə düşünmək qaydası və forması eynidir».
Q.Ağayan. Əsərləri, III cild, İrəvan, 1940, s.331.
Erməni aşıqları «…mahnıları (şeirləri) ermənicə yox, türkcə (azərbaycanca – İ.A.) yaradırlar. Erməni dilində oxumaq vərdişi hələ bizim aşıqların arasında yayılmamışdır».
Yenə orada, s.25-26.
O zamankı nəğmələrdən «… ən başlıcası və yayılmış olanı bayatılardır. Elə nəğmələr vardır ki, onu ancaq aşıqlar bilir, elələri də vardır ki, onları aşıq olmayanlar da bilir və oxuyurlar, lakin bayatını hamı bilir, böyüklər də, kiçiklər də, qadınlar da, kişilər də bilirlər. Öz kədərlərini, çətin vəziyyətlərini, qüssələrini, qayğılarını bayatılarla ifadə edirlər, öz sevgilərini, arzularını, həsrətlərini bayatılarla bildirirlər, öz şikayətlərini, müraciətlərini, etirazlarını bayatılarla ifadə edirlər, öz ölülərinin matəmini bayatılarla saxlayırlar, ən nəhayət, hər növ fikir və duyğularını bayatılarla ifadə edirlər».
Yenə orada, s.325.
Bayatının «…birinci, ikinci və dördüncü misraları eyni sözlərlə qurtarır, bu söz birinci misrada müəyyən olmur, ikinci və üçüncü misralarda isə ayrı-ayrı mənalar verir. Bayatının türkcə (azərbaycanca – İ.A.) söylənilməsinin səbəbi də budur, çünki türk (Azərbaycan – İ.A.) dilində iki və daha artıq mənası olan belə ifadələr çoxdur, lakin onlar erməni dilində kifayət qədər yoxdur».
Yenə orada, s.325.
«Bir zamanlar Ağvan ölkəsi padşahının oturduğu şəhər Tərtər idi. İndi ora xarabalıqdır və Bərdə adlanır. O şəhər indiki Gəncə ilə Şuşa arasında Tərtər çayı üzərində yerləşirdi. Şahın bütün Tərtər boyu uzanan geniş yaşıllıqlara bürünmüş gözəl sarayı burada idi. Bu qədim süni meşə öz nəhəng çinarları, qabaq ağacları ilə təbii meşələri ötüb keçirdi. Şəhərin hətta ən uca qalaları belə bu ağacların kölgələri altında itirdi. Onun dörd ətrafına çəkilmiş əzəmətli hasar, burada dəstə ilə gəzmək və oynamaq üçün azad imkanı olan çevik və sürətlə qaçan keçilər və marallar üçün heç də qəfəs rolunu oynamırdı».
Q.Ağayan. Seçilmiş əsərləri,
İrəvan, 1939, s.117.
«İstedadlı, fitri istedadlı aşıq, həm də dədə aşıq olmaq, hədsiz dərəcədə zəngin hafizəyə malik olmaq deməkdir. Elə hafizə deyirəm ki, beyninə topladığını aylarla, illərlə danışa və qurtara bilməyə. Yaxşı aşıq öz dövrünün bütün aşıq dastanlarını, keçmişin bütün ünlü aşıqlarının məşhur mahnılarını əzbər bilməlidir. Doğrudan da, hərgah bir kor aşıq «Əsli və Kərəm»i, «Abbas və Gülgəz»i, «Xurşid və Mehri»ni, «Şahmar Əli»ni, «Şah İsmayıl»ı və «Ərəb qızı»nı, «Koroğlu»nu, «Tutuquşu» lətifələrini və indi adlarını xatırlamadığım, lakin öz qulaqlarımla eşitdiyim, həm də bir aşıqdan eşitdiyim özgə çoxsaylı dastanları başdan-başa bilərsə, bundan yəqin etmək olar ki, həmin aşığın hafizəsi nə qədər inkişaf etmişdir».
Q.Ağayan. Müasir erməni şifahi mahnıları,
«Daraz» jurnalı, 1893, №9, s.140.
«Koroğlunun igidliyi məmləkətimizin hər yerində, bütün xalqlar arasında yayılmışdır. Türklər (azərbaycanlılar – İ.A.) onu türk (azərbaycanlı – İ.A.), kürdlər kürd, ermənilər isə azərbaycanlaşmış erməni hesab edirlər. Onun nəğmələrini türk (Azərbaycan – İ.A.) və kürdcə oxuyan ermənilərdən başqa qalan xalqlar öz dillərində oxuyur».
«Daraz» jurnalı, 1893, №5.
HOVANES TUMANYAN – (1869-1923) tanınmış şair və yazıçı.
«Tatar (Azərbaycan – İ.A.) mahnılarında nağıl etmək son yeri tutmur. Bu mahnılardan çoxu əfsanə xarakterindədir, çoxları da sanki naməlum zamanlardan gəlib bizə çatmış və naməlum xanəndələrin oxuduğu uzun poemaların parçalarıdır, məsələn, Koroğlu və onun atı haqqında mahnı».
Hov.Tumanyan. Sayat-Nova, İrəvan, 1945, s.13.
ATRBET – (Mubayiyan Sarkis Mkrtiçi) – 1860-1937, yazıçı və tarixçi, islam dini və təriqətlərinə aid bir sıra əsərlərin müəllifi.
«Məhsəti (yəni, «aya bənzər» deməkdir) Gəncədəndir. O, öz rübailərinin dolğun mənalı olması ilə şöhrət qazanmışdır».
«Məhsəti islamı pisləyirdi. O, qadını özlərinin vəhşi arzularına xidmət etdirmək üçün hərəmxananın qara pərdəsi dalında dustaq edən mövhumat xadimlərinə qarşı həmişə mübarizə aparmışdır» .
«Məhsəti ədəbi səhnəyə atılıncayadək … şairlər özlərinin qara bəxtlərinə ağlayırdılar, lakin Məhsəti özünün şeirləri ilə onların simasını tamamilə dəyişdi. Məhsətinin sələfləri şəriəti müdafiə edən ruhanilərə qarşı açıqdan-açığa mübarizə aparmırdılar, ancaq Məhsəti hicri V əsdə (miladi XII) onun haqsız qanunlarına qorxmadan istehza edirdi. Bu qanun bəşəriyyətin yarısını təşkil edən qadınları hüquqdan məhrum etmiş, onları çıxılmaz vəziyyətdə qoymuşdu».
«Şairə bilirdi ki, qadınlar onlar üçün müəyyən edilmiş vəziyyətə dözə bilmirlər. Məhsətiyə aydın idi ki, onun bacıları islamın boyunduruğunu sevə-sevə deyil, kədərlə daşıyır. Məhsəti rəhmsizliklə qadınların çiyinlərinə qoyulmuş yükü axıra qədər aparmalarına tərəfdar deyildi. O, qorxmaz bir aslan kimi Quran və şəriət həbsxanalarının qapılarına, həbsxana müdirinin zəncirlərinə, cəlladların qılınclarına və aşağı işçilərin qamçılarına qarşı hücum edirdi. Yeni, dinc və xoşbəxt həyat carçısı olan bu həqiqi şairə baharın gəlməsini arzu edirdi».
«Məhsəti öz ideyası uğrunda cəsarətlə mübarizə apardı, həyatının sonunadək o qadının qəlbində azadlığa məhəbbət arzusu coşurdu».
Q.Antonyan. Erməni və Azərbaycan xalqlarının
ədəbi əlaqəsi, Bakı, 1955, s.121.
G.AXVERDYAN – XIX əsr ədəbiyyatşünası.
«Aşıqlardan daha dindar olanları zəngin erməni dilinin elə o başdan yalnız özlərini yaradanı və müqəddəsləri şeirlərində tərifləmək üçün müəyyən edildiyini güman edib, erməni sözləri ilə ancaq öz dini və nəsihətamiz mahnılarını söyləmiş, özlərinin ilahi dininin müqəddəsliyini saymamağı cinayət bilərək, öz gözəl poetik duyğularını farsların, türklərin (azərbaycanlıların – İ.A.) və osmanlıların şivəsində tərənnüm etmişlər».
G.Axverdyan. Sayat-Nova,
Moskva, 1852, s.3-4.
ABR. ZAMİNYAN – XIX əsrin sonu və XX yüzilliyin əvvəllərində yaşamış ədəbiyyatşünas.
«Kanzaklı (Gəncəli – İ.A.) Nizami füsunkar «İsgəndərnamə» yazmışdır. Şübhəsiz, bu ümumi sitayişin nəticəsidir. Bu səbəbdən də XIII əsrin axırlarında Xaçatur Qaçaretsi Aleksandrın köhnə və cırılmış ermənicə tərcüməsini taparaq, üzünü köçürdü və bu xoşa gəlməyən bütpərəst əsəri xoşa gələn etmək üçün müqəddimə və xatimə yazdı».
Abr.Zaminyan. Erməni ədəbiyyatı tarixi,
I hissə, Yeni-Naxçıvan, 1915, s.212.
«Ali təhsil almış Həsən bəy Məlikov adlı gənc bir türk bütün maneə və qadağalara üstün gələrək birinci dəfə olaraq Bakıda türkcə qəzet nəşr etdirəcək. Biz xüsusi olaraq oxucularımızın diqqətini həmin fərəhli hadisəyə cəlb etmək istəyirik».
«Mşaq» qəzeti, 1875, №8.
LEO (Arakel Babaxanyan, 1860-1932) – tanınmış tarixçi, yazıçı və tənqidçi, professor.
«Aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etmək üçün türk dili (Azərbaycan dili – İ.A.) erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir».
Leo. Erməni tarixi, III cild, İrəvan, 1946, s.1072.
«..Erməni aşıq yaradıcılığının az bir hissəsi, hətta demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların böyük əsərlərinin əksəriyyəti (dastanlar, qəhrəmanlıq nağılları) isə türkcədir (azərbaycancadır – İ.A.)».
Yenə orada.
«Türk (Azərbaycan – İ.A.) xalqı böyük mədəni yüksəlişlər göstərib. Habelə o, hərtərəfli yaradıcılıq qabiliyyətinə də malikdir. Bu qabiliyyət özünü daha çox şifahi ədəbiyyatda biruzə vermişdir. Burada atalar sözü və məsəllər xüsusilə zəngindir. Həmin nümunələr vasitəsilə türk (Azərbaycan – İ.A.) xalqı özünü bütün mədəni millətlərin birgə yaratmış olduqları dünyagörüşlərinin iştirakçılarından biri kimi nümayiş etdirmişdir. Türk atalar sözləri həm rus, həm də digər xalqların atalar sözlərinə bənzəyir. Bunlarda ifadə olunan fikir və hökmlərin türklər (azərbaycanlılar – İ.A.) üçün müqəddəs əfsanələr qədər qiyməti vardır. Atalar sözü və məsəllərdə əsrlərin təcrübəsi danışır. Məhz elə buna görə də bunlar son dərəcə müəllifli ifadələr kimi nəzərə çarpır. Doğrudan da – atalar sözü».
Yenə orada, s.100.
«Osmanlılar hədər yerə Xocanı osmanlı türkü hesab edir. Halbuki digər türk xalqları arasında da eyni tarixi şəxsiyyət Molla Nəsrəddin adı ilə tanınmaqdadır. Təxminən Şərqin bütün xalqları həmin lətifə və məsəllərin yaradılmasında iştirak etmişlər. Ola bilsin ki, belə lətifələrin bir qisminin Nəsrəddinlə, yaxud sadəcə Xoca, yaxud Molla ilə heç bir əlaqəsi olmasın».
Yenə orada, s.100.
ALEKSANDR ŞİRVANZADƏ – (1858-1935) tanınmış yazıçı, dramaturq.
«Sizə bəllidir ki, mən Azərbaycan vətəndaşı olduğuma görə ilk vətənimin mədəniyyət məsələləri ilə və birinci növbədə türk (Azərbaycan – İ.A.) teatrı və ədəbiyyatının vəziyyəti ilə həmişə maraqlanmışam. Ona görə də türk (Azərbaycan – İ.A.) xalqının mədəniyyət sahəsində əldə etdiyi böyük müvəffəqiyyətləri görmək mənim üçün çox fərəhlidir. Doğrudan da türk (Azərbaycan – İ.A.) fəhlə sinfinin yaradıcılıq ruhu çarizmin onun ayaqlarına bağladığı zəncirlərdən Böyük Oktyabr inqilabı sayəsində azad olaraq misli görünməmiş sürətlə yüksəlir. Türk (Azərbaycan – İ.A.) teatrının fövqəladə irəliləyişi məni xüsusilə fərəhləndirir.
…Sizi əmin edirəm ki, bunların hamısı məni hədsiz dərəcədə sevindirir».
Erm. EA-nın Ədəbiyyat və İncəsənət Muzeyinin elmi arxivi, «Şirvanzadə fondu», №143/77.
TRİDAT YEPİS. BALEAN – XIX əsrin sonu XX əsrin əvvəli, din xadimi, folklor toplayıcısı, naşir.
«Aşıqların istifadə etdikləri alətlərin adı türkcədir – saz, santur, kaman, yaxud kamança, bağlama».
Erməni aşıqları, toplayanı Tridat Balean,
I cild, İzmir, Mamuryan nəşriyyatı, 1911, s.9.
«…Habelə oxuduqları şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, musəddəs-divani, səmayi, müsəddəs-səmayi, naxşikar-səmayi, yedəkla-səmayi, dübeydi, müxəmməs, təcnis, zəncirləmə, ləbdəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqərat və s.».
Yenə orada, s.9-10.
GEĞAM TARVERDİYAN – (XX əsr) tanınmış folklor toplayıcısı və naşiri.
«Mənim topladığım erməni aşıqlarının müəyyən hissəsi tamamilə azərbaycanca şeir söyləmişlər. Qalan aşıqların əksəriyyəti isə öz əsərlərini Azərbaycan və erməni dillərində yaratmışlar. Yalnız ermənicə şeir qoşan aşıqların sayı 20-25-dən artıq deyildir».
Erməni aşıqları, I cild, İrəvan, 1937, s.19.
Q.LEVONYAN – (XX əsr) folklorşünas, teatrşünas.
«Bu məktəbin (türk-osmanlı-erməni aşıq məktəbi – İ.A.) aşıqlarından hər hansı birinin erməni dilində yazıb-oxuması nadir bir hal idi. Onlar öz mahnılarını türkcə – Osmanlı sultanlığının dövlət dilində qoşurdular».
Q.Levonyan. Aşıqlar və onların sənətkarlığı,
İrəvan, 1944, s.37.
MESROP CANAŞYAN – ədəbiyyatşünas.
«Aşıq yaradıcılığı fars (?) və türk təsiri altında olub. Bu təsir hətta onların təxəllüslərində, habelə yaratdıqları şeir formalarının adlarında da qorunmuşdur. Havaların sayı 60-dan artıqdır».
Mesrop Canaşyan. Xarici erməni ədəbiyyatı tarixi,
I cild, Venesiya, S.Qazar nəşri, 1953, s.119.
MANUK ABEĞYAN – (1865-1944) ədəbiyyatşünas, folklorşünas və dilçi. Erm. EA həqiqi üzvü.
«Əlimizin altında müxtəlif variantları olan 1700-ə qədər bayatı vardır. Təəssüf edirik ki, bizim dilimiz çoxmənalı sözlərdən kasıbdır, eyni məna daşıyan ifadələr olduqca azdır, elə bunun üçün də özümüzə yaxın olan türkcəyə (azərbaycancaya – İ.A.) müraciət edirik».
M.Abeğyan. Xalq nəğmələri, Vağarşabat, 1904, s.35.
HRAÇYA ACARYAN – (1876-1954) tanınmış dilçi və ədəbiyyatşünas, Erm. EA həqiqi üzvü.
«XI əsrdən etibarən türklərin ermənilər üzərinə yürüşü başlayır ki, bu da öz təsirini daha çox dildə göstərirdi».
«Türk-tatar dilləri cümlə quruluşu, cümlədə sözlərin düzülüşünə görə bütün Hind-Avropa, eynilə də erməni dilinin qanun-qaydalarının əksinədir. Məsələn, Hind-Avropa dillərində olduğu kimi erməni dilində deyilir:
Mən gördüm quşu ağacın üstündə oxuyurdu.
Türk-tatar dillərində cümlənin sonundan başlayaraq həmin fikir belə çevrilmişdir (ifadə olunmuşdur):
Mən ağacın üstündə oxuyan quşu gördüm»
Məhz bunun, yəni türk-tatar dillərinin təsiri nəticəsində erməni dilinin qrammatik qanun-qaydaları da dəyişilmiş və aşağıdakı şəkli almışdır:
«Ağacın üstündə oxuyan quşu gördüm».
H.Acaryan. Yeni erməni ədəbiyyatı tarixi,
Vağarşabat, 1906, s.9-10.
H.MANANDYAN və H.ACARYAN.
«Görünür, bu şeirlərin xüsusi ölçüsü, yaxud havası olmuşdur, çünki onları Nəsiminin, yəni onun müəllifinin adına bağlayıb yazırdılar. Onların sayı həddindən çox idi. Budaq 1524-cü ildə 1000-dən artıq Nəsimi bilirdi. Tutaq ki, heç də bunların hamısı Nəsiminin deyil, ancaq müəyyən hissəsi onundur, yenə də müəllifin adı ilə bağlı xeyli qalmış olar. Nəsiminin şeirləri, xalq tərəfindən sevilir və nəsildən-nəslə adlayır. Budaqdan 128 il sonra, 1652-ci ildə bu nümunələr yaşamaqda idi.
Nəsiminin dərisini soyub öldürüblər. Qətl tarixi məlum deyildir. Ancaq 1524-cü ildən əvvələ təsadüf etməz».
H.Manandyan və H.Acaryan. Yeni erməni fədailəri
(1155-1843), Vağarşabat, 1903, s.721.
ABEDİK İSAHAKYAN – (1875-1957) tanınmış şair, Erm. EA həqiq üzvü.
«Hacıbəyov öz gözəl operalarını yazarkən Azərbaycanın zəngin və misilsiz xalq musiqisindən istifadə etmişdir. Bu musiqi həmişə erməni xalqına doğma olmuşdur. Bu musiqi həmişə erməni və Azərbaycan xalqlarını bir-biri ilə bağlayan qardaşlıq əlaqələri içərisində ən gözəli olmuşdur».
Av.İsahakyan. Seçilmiş əsərləri,
IV cild, İrəvan, 1951, s.44
«Nizami poeziyasının qüdrəti bu gün belə hakim islam aləmi şairləri üzərində hökmranlıq etməkdədir».
Yenə orada, s.97.
Nizami «… fantastikanı mümkün qədər real həyata gətirmiş, onu Azərbaycan xalqının məişəti ilə yoğuraraq Azərbaycan və Qafqazın tarixi keçmişi və coğrafi adları ilə bağlamışdır».
Yenə orada, s.99.
«Bizim qardaş Azərbaycan xalqının bayatılardan ibarət zəngin bir şeiriyyət xəzinəsi vardır. Bu bayatılar vasitəsilə təbiətə çox yaxın olan bir xalq bütün öz həyat tərzini canlandırmışdır. Onları yaradanların adları bəlli olmasa da, müəllifləri xalq içərisindən çıxmış və xalq içərisində ərimiş şəxslərdir. Onlar övladlarını itirmiş analar, qəribliyə düşmüş qaçqınlar, sevmiş və məhəbbətə düçar olmuş qız və oğlanlardır».
Yenə orada, s.156.
«Bütün gözəlliyi ilə dağ havası, habelə məhəbbət, həsrət, kədər, qəhrəmanlıq, iztirab, nisgil – bax bayatıların ruhu bunlardan ibarətdir, Azərbaycan xalqının ruhu budur».
Yenə orada.
«Erməni xalqı da bayatıları çox sevir, böyük bir məhəbbətlə erməni və Azərbaycan bayatılarını oxuyur. Ancaq xüsusi olaraq Qarabağ və Zəngəzurun erməniləri bayatıları azərbaycanlılar qədər yaxından duyaraq onlar vasitəsilə öz ürək arzularını bildirirlər».
Yenə orada, s.157.
«Yüzilliklər boyu Azərbaycan və erməni xalqı bir-birinə böyük ümid bəsləmiş, eyni torpaqda, eyni günəşin altında yaşamışlar. Azərbaycan xalqının əsrlik yaradıcılığı – atalar sözü və məsəlləri, nəğmə və musiqisi həmişə ermənilər üçün doğma olmuşdur. Xalq düşmənlərinə, xan və bəylərə qarşı vuruşan epik xalq qəhrəmanı Koroğlu, bizim erməniləri də eyni dərəcədə mübarizəyə ruhlandırmışdır. Bizim aşıqlarımız eyni sazla tarix boyu bizə doğma olan azərbaycanca nəğmələr oxumuşlar. Mən kiçik yaşlarımdan Azərbaycan nəğmələrini dinləyərkən xalqımla birlikdə özümü doğma vətənimdə hiss etmişəm».
«Sovetakan Hayastan» qəzeti, 1938, 20 aprel.
«Nizami öz dövrünün qabaqcıl ideyalarını təbliğ edən mütəfəkkir filosof-şair idi. O, daxilən… islam dini ehkamlarının, azğınlıqlarının, cəhalətinin əksinə idi. Əzilən xalqın və qadınların azadlığını, xalqlar dostluğu ideyalarını təbliğ edirdi».
Nizami Gəncəvi. Leyli və Məcnun,
İrəvan, 1947, s.4. (kitaba müqəddimə).
«O, (Nizami – İ.A.) bizim üçün, Qafqaz xalqları üçün eyni dərəcədə doğma və əzizdir. O, öz insanpərvər və azadlıq ideyaları ilə Qafqaz xalqlarının qardaşlığında böyük vasitələrdən biri olmuş və olur. O, bizim qafqazlıların qarşılıqlı əlaqələrində həmişə iştirak edir.
Nizami yalnız Azərbaycanın fəxri deyil, eləcə də bizim Qafqaz xalqlarının – azərbaycanlıların, gürcülərin və ermənilərin fəxridir».
Av.İsahakyan. Seçilmiş əsərləri,
IV cild, İrəvan, 1951, s.100-101.
YEĞİŞE ÇARENTS (1897-1937) – tanınmış şair.
«Zaqafqaziya və Azərbaycanın tanınmış dramaturqu Cəfər Cabbarlının vəfatını bilib dərindən kədərlənmişəm. Bu tanınmış insanla bir neçə görüşümdən sonra mənə aydın oldu ki, onun şəxsində nəinki təkcə Azərbaycan, habelə bütün Zaqafqaziya ədəbiyyatı və teatrını ümumittifaq miqyasında tanıdan sənətkarımız vardır. Zaqafqaziya ictimaiyyəti içərisində ön cərgədə gedənlərdən biri olub, bizim beynəlmiləl bolşevik mübarizəsi və qələbəsini təsvir, tərənnüm edən sənətkar, qabaqcıl dramaturq, böyük zəka sahibi idi».
«Qrakan tert» (Ədəbiyyat qəzeti),
10 yanvar, 1935, №1.
DERENİK DƏMİRÇİYAN – (1877-1956) tanınmış yazıçı, Erm. EA həqiqi üzvü.
«Nizami öz əsərlərində Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəniyyətin xülasəsini vermişdir. Beləliklə o, Azərbaycan xalqının mənəvi mədəniyyətini aydın və bədii formada əks etdirmişdir».
D.Dəmirçiyan. Böyük humanist, «Sovetakan
Hayastan» qəzeti, 21 sentyabr, 1947.
«Onun (Nizaminin – İ.A.) bütün fikirləri və aforizmləri, adətən mövcud vəziyyətin əksinə olaraq, xalqların dilinə düşmüşdür. Nizamidən bir çox nəsillər dərs almışdır. Zorakılıq, qan tökmək və hiyləgərlik hökm sürən əsrlərdə belə Nizaminin yaradıcılığı gələcək həqiqi intibaha yetişmək üçün bəşəriyyətin qəlbində yaşayıb qalmışdır».
Yenə orada.
QAREGİN YERETSİYAN – tanınmış jurnalist, «Molla Nəsrəddin»lə eyni ildə nəşrə başlayan «Xatabala» jurnalının naşiri və redaktoru.
«Mirzə Cəlilin öz həmkarlarından birinin vasitəsilə sübh çağı mənə göndərdiyi «Molla Nəsrəddin»in ilk nömrəsi heç vaxt yadımdan çıxmaz. İnsanı dərin düşüncələrə vadar edən bu jurnalı açdım, oxudum, uzun zaman şəkillərinə tamaşa etdim və məndə belə bir ümüd doğdu ki, savadlı, ictimai məzmunlu, öz qarşısına ciddi məsələlər qoyan bu jurnal xalq tərəfindən seviləcəkdir».
«Mən həmişə Cəlil Məmmədquluzadənin ədəbi, tənqidi və ictimai fəaliyyətini yüksək qiymətləndirirdim. O, olduqca mədəni adam idi. Az danışar, çox işləyərdi. O, bütün varlığı ilə öz xalqına bağlanmışdı».
«Sovet Ermənistanı» qəzeti, 30 mart, 1965, №38.
A.TERTERYAN – sovet ədəbiyyatşünası, Erm. EA həqiqi üzvü.
«Ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və məsəllərinə müraciət etmişlər».
A.Terteryan. Abovyanın yaradıcılığı, İrəvan, 1941, s.202.
NAİRİ ZARYAN – tanınmış sovet yazıçısı
«Zaqafqaziya xalqlarının qardaşlığı uğrunda mübarizə edən, Azərbaycan ədəbiyyatının böyük klassiki Sabirin şanlı xatirəsi qarşısında başımı əyərək qardaş Azərbaycan ədəbiyyatının böyük gününü təbrik edirəm».
«Kommunist» (ermənicə) qəzeti, 28.XII, 1936.
STEPAN ZORYAN – tanınmış sovet yazıçısı.
Nizami «…öz zəmanəsindən yüksəklərə qalxaraq gələcək əsrlərin humanistlərinə əl uzadır».
St.Zoryan. Azərbaycanın böyük şairi, «Sovetakan Hayastan»
qəzeti, 21 sentyabr, 1947, №222.
«Nizami dünyanın böyük şairlərindən biri olub çoxdandır ki, dünya ədəbiyyatının söz nəhənglərinin panteonunda möhkəm yer tutmuş, xüsusilə Şərqdə həm bir şair və sənətkar, həm də mütəfəkkir kimi yeganə olmuşdur».
Yenə orada.
«… Biz bu dahi şairi (Nizamini – İ.A.) özümüzə doğma sayırıq, çünki onun əsərlərində çox əziz duyğular və fikirlər vardır ki, onlar bu gün belə bizi həyəcanlandırır və düşündürür».
Yenə orada.
«Öz sənəti və öz fikirləri ilə o, (Nizami – İ.A.) istər müasirlərinə, istərsə də sonrakı bir çox şairlərə, eləcə də ədəbiyyatşünaslarımızın dediyinə görə, orta əsrin bir neçə erməni şairinə xeyirxah təsir göstərmişdir».
Yenə orada.
«Nizami bizə doğmadır. Bir də ona görə doğmadır ki, Nizami əsərlərində Ermənistan haqqında və şairə tanış olan bilici qocalar, yəni bizim o zamanın yazıçıları haqqında qızğın məhəbbətlə danışır».
St. Zoryan. Azərbaycan xalqının dahisi,
«Kommunist» qəzeti, 27 sentyabr, 1947.
«Biz fəxr edirik ki, Azərbaycanın bu böyük oğlu bizim gözəl Zaqafqaziyanın oğlu, dünyaya belə incilər – əsərlər vermiş və bu əsərlər çoxdandır ki, dünyanın söz sənəti nəhənglərinin panteonunda Nizaminin də yer tutmasına səbəb olmuşdur».
Yenə orada.
A.KARİNYAN – Erm. EA həqiq üzvü.
«Çarizmin, millətçiliyin, dini fanatizmin hakimiyyəti günlərində ruhdan düşməmək və əzilməmək üçün, doğrudan da, tükənməz iradəyə və enerjiyə malik olmaq lazım idi. Sabir kimi mütəfəkkirlərə və ziyalı xadimlərə tək qalmış «cəngavər» və «dəli» adı verilir, onlara gülür və zülm edirdilər. Budur, belə bir qaranlıq mühitdə şair mətanətini itirmir və qüvvətli ictimai əhvali-ruhiyyə ilə yoğrulmuş poeziyasında xalqların ən geniş təbəqələrinin inqilabi meyllərini və arzularını ifadə edir… Sabirin tərcümeyi-halı göstərir ki, o, hakimiyyət başında olanların zülmünü görən bir şair, üsyankar və mübariz vətəndaş bir şair idi. Onun əsərlərinin hər bir misrasında ictimai şikayət və nifrət motivi çox aydın eşidilir».
A.Karinyan. Sabir haqqında iki söz. «Xorhurdayin qroğ»
(Sovet yazıçısı) jurnalı, Bakı, 1937, №1-2.
QURGEN BORYAN – tanınmış şair.
«Sabiri mən Azərbaycan dilində oxumamışam. Mən onu əvvəlcə rus, sonra isə doğma erməni dilində oxuyub tanımışam. Lakin, necə deyərlər, yaxşı şairlər tərcümə zamanı uduzurlar. Burada, əlbəttə, bir az həqiqət vardır. Canlı həyəcanlar, intonasiyalar, şeirin xüsusi quruluşu, nəhayət, doğma dilin əlçatmaz rayihəsi hətta ən əla tərcümə zamanı müəyyən qədər itir. Lakin bu da doğrudur ki, həqiqi şairi hətta, o qədər də müvəffəq olmayan tərcümə zamanı da yeddi dağın arxasından tanımaq olar. Həqiqi poeziyanın nəfəsini və sənətkarın hərarətli qəlbinin döyüntülərini duyarkən laqeyd qalmaq olmaz».
Q.Boryan. Azərbaycan xalqının fəxri,
«Qrakan tert» 1.VI. 1962, №22.
«Bizi Sabirdən yarım əsrdən artıq bir müddət ayırır. Lakin zaman Azərbaycan xalqının böyük nəğməkarının xeyrinə işləmişdir. İllər ötdükcə Sabir bizə daha yaxın, daha doğma olmuşdur və bu gün o, öz qəlb və zəka zənginliyinin bütün rəngarəngliyi ilə həmişəkindən daha çox parlayır. Öz həmvətənləri tərəfindən ümumxalq şərəfi və məhəbbəti ilə əhatə olunmuş Sabir nəinki yalnız doğma Bakıda qranit özül üzərində ucalmışdır, o həm də elə bir yüksəkliyə qalxmışdır ki, buradan onu bütün dünya görür».
Yenə orada.
A.T.QANALANYAN -- akademik, folklorşünas
«Kefı konne, kyandı kyoxvinı», «Bir ıli u pir ıli» və «Hasan kaçal, kaçal Hasan» atalar sözləri uyğun Azərbaycan atalar sözlərinin («Kef sənindir, kənd koxanın», «Bir olsun, pir olsun», «Ya Həsən keçəl, ya keçəl Həsən») erməniləşdirilmiş variantlarıdır. Yuxarıda dediklərimizi öncə onunla təsdiq etmək olar ki, misal gətirilən hər üç atalar sözü ermənilər və azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur və s.), yaxud Azərbaycana həmsərhəd olan yerlərdə yazıya köçürülmüşdür, bir də onunla təsdiq etmək olar ki, həmin atalar sözlərində olan kənd, bir, pir (yaxşı, sədaqətli) sözləri və Həsən xüsusi adı ermənicədə ayrıca işlədilmir və azərbaycancadan gəlir.
A.Qanalanyan. Atalar sözü, İrəvan,
EA nəşr-tı, 1955, s.34 (kitaba müqəddimə).
A.ARŞARUNİ – ədəbiyyatşünas
«Azərbaycan dili, demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks halda, onlar (aşıqlar – İ.A.) dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmazdı».
A.Arşaruni. Nizami və erməni ədəbiyyatı,
«Nizami» almanaxı, III kitab, Bakı, 1941, s.137.
«… Saysız-hesabsız erməni aşıqlarının həm erməni, həm Azərbaycan və həm də gürcü dillərində müvəffəqiyyətlə öz şeirlərini qoşmaları haqqında danışmaq artıqdır. Azərbaycan folkloru və Azərbaycan xalqının klassik ədəbi irsindən erməni xalqı həmişə müvəffəqiyyətlə istifadə edə bilmiş, bu ədəbiyyat və folklor erməni xalqı tərəfindən həmişə sevilmişdir».
Yenə orada, s.129.
Q.ANTONYAN – fil. elm. dok., prof., ədəbiyyatşünas.
«XIII əsrdən başlayaraq bizim yazıçılardan çoxları – Xaçatur Qeçaretsi, Ağtamaretsn, Konstantin, Yerzenkatsi, Sayat-Nova, Proşyan, Paffi, Tumanyan, Papazyan, İsahakyan, Teryan və b. az-çox Nizami yaradıcılığı ilə bağlı olmuş, onun mövzularından, surətlərindən istifadə etmiş, Azərbaycan xalqının bu böyük şairinin ölməz poemalarını dərindən mənimsəmişlər».
Q.Antonyan. Nizami və erməni ədəbiyyatı,
Bakı, Azərnəşr, 1947, s.122.
«Şərqin məşhur nağıl, məhəbbət dastanları – «Aşıq Qərib», «Əsli-Kərəm», «Şah İsmayıl», «Fərhad-Şirin», «Leyli-Məcnun», qəhrəmanlıq motivləri ilə zəngin olan «Koroğlu» azərbaycancadan ermənicəyə tərcümə olunmağa, təbdil edilməyə, yaxud da ki, eyni məzmunda yaranmağa başlanmışdır».
Q.Antonyan. Ədəbiyyatda erməni-Azərbaycan
dostluğu, İrəvan, Haypethrat, 1962, s.23.
«Leyli və Məcnun»un ərəb nağılı olması və onun ərəblərin hücumları zamanı Qafqaz xalqı arasında yayılması fikri qəbul olunmuş və yayılmışdır. Lakin digər tərəfdən, o da bəllidir ki, «Leyli və Məcnun»un nağılı Qafqaz xalqları arasında XII əsrdən başlayaraq, yaxud sonralardan məlumdur.
Qafqazda ərəblərin yürüşləri və hakimiyyətləri dövrü VII əsrdən X əsrin əvvəllərinədək davam etmişdir. Doğrudan da, «Leyli və Məcnun» erməni folkloruna və ədəbiyyatına folklor vasitəsilə keçsəydi, deməli bu nağıl erməni mühitinə VII-X əsrlərdə, yəni ərəb xilafəti zamanında bəlli olmalı idi. Lakin belə deyil: «Leyli və Məcnun» bizdə Nizamidən sonra yayılmışdır. Bu o deməkdir ki, «Leyli və Məcnun» istər erməni mühitində, istərsə də başqa xalqlar arasında Nizaminin sayəsində yayılıb. Ancaq Nizamidən sonra müxtəlif xalqların bir çox yazıçıları bu gözəl şərq hekayətini işləməyə başlamışlar. Nizamidən qabaq isə heç kəs onun haqqında yazmamışdı. Buradan o nəticəni çıxarmaq olar ki, Nizami «Leyli və Məcnun»un süjetini folklordan götürərək, öz dühası sayəsində bu məlahətli məhəbbət dastanını bütün Şərqdə kütləviləşdirməyi bacarmış, onun ibtida-folklor variantını unutdurmuşdur.
«Xosrov və Şirin» hekayəti və İskəndərin surəti də erməni ədəbiyyatında, demək olar ki, eyni, yaxud bir qədər fərqli şəkildə yayılmışdır.
Yenə orada, s.63-64.