Rza İbrahim oğlu Məmmədov 21 may 1989-cu ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər M. Seyidov adına 15 nömrəli tam orta məktəbdə tamamlayıb, 2007-2010-cu illər arasında Türkiyə Respublikasının Anadolu Universitetinin “İqtisadiyyat” ixtisasında bakalavr təhsilini 3 ilə bitirib, 2010-2011-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdən sonra Naxçıvan Dövlət Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının magistr pilləsi üzrə “Yerli özünüidarəetmə orqanları və onların fəaliyyət xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək təhsilini bitirib. 2014-2018-ci illər arasında Türkiyə Respublikası Eskişehir Osmangazi Universitetinin “Təhsilin idarəedilməsi, təftişi, planlaması və iqtisadiyyatı” ixtisası üzrə “Təhsilin standartı, təhsilin maliyyələşməsi və iqtisadi inkişafın panel ekonometrika ilə təhlili” mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alıb. Rza Məmmədov 2021-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad elmləri doktorluğu proqramı üzrə dissertantıdır. 2011-2013-cü illər arasında Dövlət İmtahan Mərkəzinin Naxçıvan MR Regional Bölməsinin mühasibi, 2014-2018 illər arasında Azərbaycan Respublikası Diaspora Komitəsinin rəsmi təşkilatı olan Eskişehir Azərbaycanlılar Dərnəyinin nəzarət-təftiş komissiyasının sədri, 2020-2023-cü illər arasında Naxçıvan Dövlət Universitetinin Elm və İnnovasiyalar Bölməsinin müdiri və “Bələdiyyə və turizm” kafedrasının müəllimi, 2022-ci ildən isə dosenti olaraq çalışıb.2023-cü ilin iyun ayından etibarən Xəzər Universitetinin tabeçiliyində yaradılan F2.49 Dissertasiya şurasında Elmi Seminarın üzvü təyin edilib. Rza Məmmədov 2023-cü ilin sentyabr ayından ADA Universitetində müqavilə əsasında magistratura pilləsi üzrə “Təhsilin idarəedilməsi” və “Təlim- tədrisin təşkili və metodikası” ixtisaslaşmalarının tədrisini aparmaqla dissertasiya və layihə əsaslı tədqiqat (Capstone) işlərinə elmi rəhbərlik edib.2023-cü ilin iyul ayından Naxçıvan Universitetinin Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektoru vəzifəsinə təyin olunan Rza Məmmədov həmin ilin sentyabrında universitetin Elm, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, 2023-cü ilin sentyabr ayından Naxçıvan Universiteti idarəetmə kafedrasının dosenti olaraq elmi-pedaqoji fəaliyyətini davam etdirib, Naxçıvan Universiteti təsisçisinin qərarı ilə Universitetin fəaliyyəti dayandırılıb, 2024-cü ilin sentyabr ayından Sumqayıt Dövlət Universitetinin rektorunun müşaviri və iqtisadiyyat kafedrasının dosenti təyin edilib. Naxçıvan Dövlət Universitetində iqtisad elmləri üzrə fəlsəfə doktorluğu proqramında bir doktorantın, Qazaxıstan L.N.Qumilyov adına Avrasiya Milli Universitetində pedaqogika elmləri üzrə iki fəlsəfə doktoru proqramında doktorantların elmi rəhbəridir. 2020-ci ildə Azərbaycan Respublikasının Diaspora Komitəsi tərəfindən “Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması” sahəsində fəaliyyətinə görə təltif olunub. National H-index Ranking beynəlxalq təşkilatı tərəfindən 2022-ci ildə Azərbaycanın ilk 1000 alimi siyahısına daxil edilən Rza Məmmədov təhsilin idarəedilməsi, liderlik sahəsində 10-dan çox kitabın həmmüəllif və müəllifi olmaqla bərabər, beynəlxalq nüfuzlu jurnallarda 15-ə yaxın məqalə dərc etdirib, 20-dən çox respublika və beynəlxalq elmi tədbirlərdə çıxışı olub. Ailəlidir, iki övladı var.